“Rusiya Ukraynada qalib gələrsə, Moskvanın keçmiş sovet sistemində ittifaq qurmaq imkanı genişlənə bilər. ABŞ hazırda Rusiyanın Ukraynaya hücumuna qarşı genişmiqyaslı sanksiya strategiyasını tətbiq edir və açıqlanan rəqəmlər rusları çətin günlər gözlədiyini göstərir. Lakin bu sanksiyaların Rusiyanın Ukraynanı ələ keçirmək planının qarşısını alacağı inandırıcı deyil”. TİA. Az xəbər verir ki, siyasi ekspert Asif Nərimanlı bu qənaətdədir.
Onun fikrincə, Putin Kiyevi işğal etmək və Zelenskini devirmək istəyində israrlıdır: “Pentaqon da rusların 75 döyüş təyyarəsi və quru qoşunları ilə üç istiqamətdən Kiyevə hücum etdiyini deyir. Kiyevin 10 kilometrliyindəki Qostomel şəhərindəki “Antonov” aerportunu ələ keçirən ruslar desant qüvvələrinin bölgəyə endirilməsi üçün buradan istifadə edir və məlumatlar da göstərir ki, Zelenskiyə qarşı xüsusi əməliyyat keçirilə bilər. Putin Ukraynada istəyinə nail olsa, bu, postsovet məkanına yaxşı gələcək vəd etmir”.
REAl Partiyasının rəsmisi Natiq Cəfərli fərqli düşünür: “İşğalçı Rusiyanın Müdafiə Nazirliyi rəsmi məlumat yaydı, gün ərzində 86 Ukrayna hərbi obyektini məhv edib, Xerson tərəfdə uğur əldə edib, Putinin yeni oyuncaqları, qondarma “DXR və LXR” tərəfdən isə 6-8 km irəliləyiblər.
Təbii ki, öz itkiləri ilə bağlı heç bir məlumat vermədilər, əgər 1 günə tək bu “uğurlara” imza atıblarsa, Rusiya ordusunun gücü mifdir. Kremlin “təbliğat bülbülü” Solovyov deyirdi ki, Rusiyaya Ukraynanı işğal etmək üçün cəmi 48 saat vaxt lazımdır.
Ukrayna cəmi 3-4 həftə davam gətirsə, Kiyev düşməsə, təslim olmasalar, bu Rusiyanın sonu ola bilər”.
TİA. Az










