Ağ Ev ABŞ prezidenti Cozef Baydenin müstəqilliyi Rusiya tərəfindən fevralın 21-də tanınan qondarma Donetsk və Luqansk Xalq Respublikalarına qarşı sanksiyaların tətbiqinə dair fərmanın mətnini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, sənədin mətnində prezident Vladimir Putinin hərəkətlərinin Minsk razılaşmalarını və Ukraynanın ərazi bütövlüyünü pozduğu qeyd olunur.
O, həmçinin bəyan edir ki, bu məhdudiyyətlər Vaşinqtonun əvvəllər müttəfiqləri ilə müzakirə etdiyi Moskvaya qarşı “sərt iqtisadi tədbirlərə” şamil edilmir.
Bayden ABŞ-ın fiziki və hüquqi şəxslərinin Donbasa yeni sərmayə qoymasını qadağan edib. Artıq qondarma DXR və LXR-dən Amerika ərazisinə “birbaşa və ya dolayı” mal, texnologiya və ya xidmətlərin idxalı, eləcə də onlara Amerika məhsullarının tədarükü mümkün deyil.
Ağ Ev bu “respublikalarda” fəaliyyət göstərən şəxslərə və regionda fəaliyyət göstərən təşkilatlara rəhbərlik edən şəxslərə qarşı sanksiyalar tətbiq etmək hüququnu özündə saxlayır. Onların Amerikadakı aktivləri dondurulacaq, ABŞ vətəndaşlarına və şirkətlərinə onlarla işləmək qadağan ediləcək.
Sanksiyaların məqsədi də göstərilib: Rusiya beynəlxalq hüququn kobud şəkildə pozulmasından faydalanmaq imkanından məhrum edilməlidir.
“Birləşmiş Ştatlar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaq cəhdlərini dəstəkləyənlərlə mübarizə aparmaq üçün səlahiyyətlərindən istifadə etməkdən çəkinmir. Bu səlahiyyətlər lazım gəldikdə Ukraynanın istənilən digər regionları üçün də analoji məhdudiyyətlər tətbiq etməyə imkan verir”, – bəyanatda deyilir.
Qərb ölkələri Moskvanın “Donbas respublikaları”nın müstəqilliyini tanıması ilə bağlı xəbərlərə mənfi reaksiya verib. Onlar BMT-nin növbədənkənar iclasını çağırıblar.









