“Sea Breeze”də olanlar bir daha sübut edir ki, ölkədə, cəmiyyətdə və ictimai şüurda təhlükəsizliklə bağlı ciddi çatışmazlıqlar var.
Tribuna.az xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib. O qeyd edib ki, bu hadisə göstərdi ki, valideynlər heç kəsə və heç bir yerə güvənməməlidir:
“Mümkün olmalı olmayan risklərin reallaşdığını görmək üzücüdür. Hələ də anlamaq olmur ki, o necə nasos idi, necə quraşdırılmışdı, uşaq necə gedib ora düşmüşdü – bunu anlamaq olmur. Halbuki belə bir risk heç vaxt reallaşmamlıdır.
Deməli valideynlər heç kəsə və heç bir yerə güvənməməli, daim uşağın təhlükəsiz şəraitdə olmasına özü nəzarət etməlidir, bunun üçün özü də hansı hallarda hansı təhlükələr yaranır – bundan başı çıxmalıdır. Peşəkar idarəetmə çox yerdə yoxdur; odur ki uşağınızı üzmə hovuzuna yazdırsanız, gərək məşq sırasında orada gözləyəsiniz ya da uşaq əyninə xilasetmə gödəkçəsi ilə girməlidir, biraz üzməyi öyrənənə qədər”.
Professor əlavə edib ki, məsuliyyətli, peşəkar və vicdanlı işçi qıtlığı hər yerdə var:
“Məsələn, mənim qızım Abşeron Rayon Mərkəzi Xəstəxanasında 1 litrdən çox qan itirdiyi halda, ona həmin xarabada heç qan köçürülmədi.
4 yaşlı uşağın anasının, atasının necə bir faciə yaşadıqlarını çoxumuz təsəvvür edə bilmərik. Amma o valideynlər hər gün ölürlər, sonra görəndə ki, necə olub sağ qaldıqlarına biraz da utanırlar”.
Gülşən Rəsul









