Regionlarda həkim çatışmır. Xaricdə işləyən həkimlərimizi rəsmi formada ölkəyə dəvət etmək lazımdır. Regionlarda həkim çoxdan çatışmır. İcbari Tibbi Sığortanın işə düşməsindən sonra da həkimlərin regionlara gedəcəyi gözlənilsə də, olmadı.
Tribuna.az yazır ki, səhiyyə sistemindəki kadr problemini dilə gətirən həkim-pediart Vaqif Qarayevin sözlərinə görə, həkimlik təhsili alanların xaricə üz tutmasına səbəb maaş problemi, məişət qayğılarının həllini tapmamasıdır:
“Görünür, həkimlərin məişət məsələləri həllini tapmır. Xaricdə işləyənləri geri gətirmək üçün normal maaş sistemi olmalıdır. Həkimlərimizin heç biri kefindən xaricə getməyib. İstənilən halda həkim çatışmazlığı yaxşı səslənmir”.
Qeyd edək ki, dövlət xəstəxanalarında həftə sonları müayinə üçün həkim olmur, həftə ərzində isə cəmi bir həkim olur ki, onun da qəbuluna düşmək mümkün deyil. Bir həkimin qəbuluna gün ərzində 20-dən çox xəstə yazılır, bu da bəzən saatlarla növbədə gözləməklə nəticələnir.










