Aprel ayında sığınacağa yerləşdirilən azyaşlının anasının özünü yandırdığı məlum olub.
Tribuna.az yazır ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb. O bildirib ki, uşaq sığınacağa yerləşdirilən zaman ananın həbsdə olduğu deyilsə də, sığınacaq rəhbəri ananı ağır vəziyyətdə xəstəxanada tapıb:
“22 apreldə bir uşaq yerləşdirildi sığınacağa. Anası barədə məlumatımız səthi idi, bircə bildirildi ki, anası bir nəfərin evini yandırdığına görə həbs olunub. Bir az öncə ananı tapmışam. Ana dediyinə görə ev yandırmayıb, özünü yandırıb…
Qeyri rəsmi yaşadığı şəxs tərəfindən uşağının gözü qarşısında davamlı olaraq şiddət gördüyündən, bıçaqla hədələndiyindən benzin töküb özünü yandırıb. Bir aydır ağır vəziyyətdə yatır. Uşağın anasının durumundan xəbəri yoxdur, sığınacaq onun üçün sakit məkandır, yetərincə gözü qarşısında dəhşətlər görüb.
Qadın övladını 15 yaşında dünyaya gətirib”.










