Xocalı faciəsinin ildönümü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətində Xocalı sakinləri ilə görüş keçirilib.
TİA.AZ xəbər verir ki, görüşün əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib:
“Bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Prezident İlham Əliyevin və Birinci vitse- prezidenti Mehriban Əliyevanın apardıqları məqsədyönlü siyasətin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur.
Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib. Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq”.














