Nəsimi rayon İcra Hakimiyyətində 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması münasibəti ilə Nəsimi RİH və YAP Nəsimi rayon təşkilatı ilə birgə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda elm və tanınmış ziyalıların iştirakı ilə görüş təşkil olunub.
Tribuna.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov, Nəsimi rayon İcra Hakimiyyətinin Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, rayon ictimaiyyəti və rayon gəncləri iştirak ediblər.
Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək qeyd edib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri var, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var: “Bu gün torpaqlarını düşmən işğalından azad edərək ərazi bütövlüyünü bərpa etmiş, müstəqilliyini, suverenliyini daha da möhkəmləndirmiş Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş yolunda inamla irəliləyir”.
Professor Mərdanov Misir, ictimai-siyasi xadim Əsgərov Şahlar, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi İmamverdiyev Sudeyif , Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından ətraflı şəkildə danışaraq öz xatirələrini bölüşüblər.
Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaq.
Tədbirin sonunda xatirə şəkli çəkilib.















