Bir vaxtlar Nəriman Nərimanovu Yevlaxdan Şəkiyə aparan fayton bu gün muzey eksponatı kimi qorunur. Onun tarixçəsi isə sadəcə qədim nəqliyyat vasitəsinin deyil, maraqlı bir səfərin hekayəsidir.
Oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə keçirilən mediaturda mən də iştirak edirdim. Şəhərin tarixi məkanları ilə tanışlıq zamanı Şəki Tarix-Diyarşünaslıq Muzeyində diqqətimi çəkən eksponatlardan biri də bu fayton oldu.
Tribuna.az xəbər verir ki, görkəmli ictimai-siyasi xadim, həkim və yazıçı Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Şəkiyə səfər edib. O, Yevlaxdan Şəkiyə təxminən altı saatlıq yolu faytonla qət edib.
Muzey əməkdaşı Nigar Səmədovanın sözlərinə görə, həmin səfərdə istifadə olunan fayton sonradan muzeyə hədiyyə edilib. Faytonçunun Şəkidən olması da nəqliyyat vasitəsinin şəhərdə qalmasında rol oynayıb.
Bu tarixi hekayənin ən maraqlı məqamlarından biri isə faytonçunun adıdır. Nəriman Nərimanovun xatirələrində onun Abdulkərim dayı olduğu qeyd edilir. Nərimanov həmin səfərlə bağlı belə yazıb: “Mən Yevlaxdan Şəkiyə Abdulkərim dayının faytonunda gəldim. O, elə şirindil kişi idi ki, bilmədim 6 saata, yoxsa 6 dəqiqəyə gəldim”.
Görünür, Abdulkərim dayının söhbətləri yolun uzunluğunu unutduracaq qədər maraqlı olub. Aradan 106 il keçsə də, həmin səfərin xatirəsi fayton vasitəsilə yaşamaqda davam edir.
1925-ci ildən fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin keçmişini əks etdirən minlərlə eksponat qorunur. Nəriman Nərimanovun səfəri ilə bağlı bu fayton da ziyarətçilərə Azərbaycanın tarixi ilə bağlı maraqlı bir hekayəni çatdırır.
İmran Kərimli











