“Mask Starlink məhdudiyyətlərini aradan qaldırmayıb”

“Mask Starlink məhdudiyyətlərini aradan qaldırmayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dronları 160 km/saatdan yüksək sürətlə hərəkət edərkən peyk rabitəsini itirməkdə davam edir. Bu, ABŞ Prezidenti Donald Trampın İlon Maskın Starlink sisteminə tətbiq olunan məhdudiyyətləri aradan qaldırdığını bildirməsindən sonra baş verir.

Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 23-ü səhər saatlarına olan məlumata görə, Starlink texnologiyası əsasında fəaliyyət göstərən hərbi rabitə xidməti Starshield-dəki sürət məhdudiyyətləri Ukrayna pilotsuz uçuş aparatlarının fəaliyyətinə təsir göstərməkdə davam edib. Bu barədə “Politico” Ukrayna rəsmilərinə və dron operatorlarına istinadən məlumat yayıb.

Ukrayna rəsmilərindən biri bildirib ki, səhər keçirilən sınaqlar zamanı 140–160 km/saat sürət həddinin qüvvədə qaldığı və naviqasiya sistemində problemlərin müşahidə olunduğu müəyyən edilib. Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi də sürət 161 km/saata çatdıqda rabitənin kəsilməsi hallarının davam etdiyini deyib.

Ukrayna hərbçiləri Trampın cümə axşamı Maskın Starlink sisteminin fəaliyyətini bərpa etdiyini açıqlamasından sonra dronları yenidən sınaqdan keçiriblər. Qara dəniz üzərində bəzi sınaqlar zamanı pilotsuz aparatların sürəti saatda 200 kilometrə çatıb və rabitənin keyfiyyəti yaxşılaşıb. Buna baxmayaraq, 160 km/saatdan yüksək sürətdə siqnal itkisi qeydə alınıb.

Ukraynanın “Madyarın quşları” adlı pilotsuz sistemlər bölməsinin operatorlarından biri bildirib ki, dron 180 km/saatdan yüksək sürətlə bir neçə dəqiqə uçduqdan sonra əlaqə kəsilir. Sürət 140–150 km/saata endikdə isə siqnal bərpa olunur.

Məlumata görə, Starshield sistemindəki məhdudiyyətlər Ukraynanın Rusiya istehsalı olan “Shahed” hücum dronlarına qarşı istifadə etdiyi bəzi pilotsuz ələkeçiricilərin fəaliyyətinə də mənfi təsir göstərib.

İlon Mask daha əvvəl Starshield sisteminin ABŞ hökumətinin nəzarətində olduğunu bildirmişdi. ABŞ dövlət katibi Marko Rubio isə administrasiyanın özəl şirkət olan SpaceX-ə Starlink xidmətini Ukraynada məhdudlaşdırmaq və ya yavaşlatmaq barədə göstəriş verə bilməyəcəyini vurğulamışdı.

“Politico”nun məlumatına görə, sistemin fəaliyyətinin yaxşılaşmasına dair əlamətlər olsa da, məhdudiyyətlərin tam aradan qaldırıldığı hələ təsdiqlənməyib.