Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan birgə müdafiə sazişinin təsdiqi məsələsi Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, 21 oktyabrda sazişin təsdiqlənməsi ilə bağlı qanun layihəsi parlamentə təqdim edilib. Sənəd əvvəlcə Xarici Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək, komissiyanın müsbət qərarından sonra isə parlamentin plenar iclasına çıxarıla bilər.
Avqustun 7-də Məkkədə imzalanan razılaşma üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Sazişə əsasən, tərəflərdən birinə silahlı hücum digər tərəflərə də yönəlmiş hücum kimi qiymətləndiriləcək və hücuma məruz qalan ölkəyə dəstək göstərilməsi öhdəliyi nəzərdə tutulur.
Sənəddə birgə hərbi təlimlər, kəşfiyyat məlumatlarının mübadiləsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq və hərbi texnologiyaların inkişafı kimi məsələlər də yer alır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan sazişin hücum xarakteri daşımadığını bildirib. Onun sözlərinə görə, razılaşma tərəflərdən biri hücuma məruz qalarsa, onun müdafiəsinə dəstək göstərilməsini nəzərdə tutur.
Sazişin parlamentdə təsdiqlənməsi Türkiyənin Pakistan və Səudiyyə Ərəbistanı ilə müdafiə əməkdaşlığının rəsmiləşdirilməsi baxımından mühüm addım olacaq. Bununla belə, Türkiyə hərbçilərinin xaricdə yerləşdirilməsi üçün ayrıca parlament icazəsi tələb oluna bilər.









