Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Sumqayıt MİDA 2 yaşayış kompleksinin idarəçiliyindən birtərəfli qaydada geri çəkiləcəyi açıqlanıb.
AFN.az xəbər verir ki, bu barədə jurnalist Tural Tağıyev bildirib. Onun sözlərinə görə, cəmi bir il öncə təhvil verilmiş kompleksdə sakinlər üçün gözlənilməz olan bu qərar azsaylı sakinin qatıldığı toplantıda bəyan edilib. Toplantıda sakinlərin idarəetmənin əvvəlki qaydada saxlanılması xahişinə rəsmilər “Artıq gecdir, qərar verilib” cavabını veriblər. Hətta su təminatı sistemi, yeraltı anbarlar və bahalı motorların da sakinlərə xəbər verilmədən MİDA-nın balansından çıxarıldığı bəlli olub.
Problem təkcə idarəçiliyin təhvil verilməsi ilə bitmir. Binalar sakinlərə dövr edildiyi halda, binaların altında yerləşən və dəyəri milyondan çox olan kommersiya obyektlərinin MİDA-da qalacağı bildirilib. Layihənin əsasən sosial müdafiəyə ehtiyacı olan, orta və aşağı gəlirli vətəndaşlar, eləcə də şəhid ailələri və qazilər üçün nəzərdə tutulduğunu vurğulayan sakinıər, hüquqi və ya təşkilati dəstək olmadan bu yükün onların üzərinə qoyulmasına etiraz edirlər.
T.Tağıyevin sözlərinə görə, 461 mənzildən ibarət kompleksdə keçirilən görüşə cəmi 30 nəfərin gəlməsi də idarəetmənin sakinlər tərəfindən təşkilatlanmasının (MMMC yaradılmasının-red.) nə dərəcədə çətin olacağını göstərir. Aylıq 26 manatlıq kommunal xərcin “xərcləri ödəmədiyi” bəhanə edilsə də, 2025-ci ilin yanvarında köç başlayan bir illik kompleksdə hansı iqtisadi kəskin dəyişikliyin baş verdiyi sual altındadır.
Sakinlər belə bir keçid eksperimentinin Sumqayıtdakı kiçik komplekstən yox, illər öncə istifadəyə verilmiş Yasamal və ya Hövsan layihələrindən başlanılmasını və əvvəlcədən ictimaiyyətə elan olunmasını daha məqsədəuyğun hesab edirlər.
Qeyd edilənlərlə bağlı MİDA-ya sorğu ünvanlanıb. Cavabı təqdim edəcəyik.









