Rusiya Federasiyasının sülhməramlı qüvvələri Laçın dəhlizində nəzarəti həyata keçirməli və bununla da dəhlizin normal fəaliyyətini təmin etməlidir.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bunu ER baş naziri Nikol Paşinyan aprelin 27-də hökumətin iclasında Azərbaycanın Laçın dəhlizində keçid məntəqəsi yerləşdirməsinə toxunaraq bildirib.
Baş nazir vəziyyətin ümumi tənzimlənməsi ilə bağlı erməni tərəfinin ideyalarını təqdim edərək deyib: “Rusiya Federasiyasının sülhməramlı qüvvələri Laçın dəhlizində nəzarəti həyata keçirməli və bununla da dəhlizin normal fəaliyyətini təmin etməlidir. Yəni Laçın dəhlizinə Rusiya Federasiyasından başqa heç kim nəzarət etməməlidir. Azərbaycan dəhliz boyu sərbəst hərəkətə mane ola bilməz. 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat da məhz buna yönəlib”.
Paşinyan əlavə edib ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi Xankəndilə Bakı arasında beynəlxalq format çərçivəsində danışıqların mövzusu olmalıdır.









