Xəbər verildiyi kimi, İranın yeni dini lideri Müctəba Xamineyinin xalqa müraciəti yayınlanıb.
Tribuna.az xəbər verir ki, o, bundan sonra müharibə ilə əlaqədar atacağı addımların ilk konturlarını təqdim edib.
Xamineyinin açıqlamasından anlaşılan odur ki, İranın qonşu ölkələrlə bağlı hədəfləri dəyişməyəcək. Müctəba bildirib ki, qonşu ölkələrdə ABŞ bazaları var və onların hamısı hədəf olacaqlar. Üstəlik, həmin dövlətlərdən bazaların bağlanmasını tələb edib.
Onun bu açıqlamasının ardından İranın Türkiyəyə sayca üçüncü ballistik raket atdığı məlum olub. Rəsmi qaynaqlar hədəfin Türkiyədəki ABŞ-a məxsus “İncirlik” bazası olduğunu vurğulayıblar. Görünən odur ki, İrandakı molla rejimi Türkiyə də daxil olmaqla, ərəb ölkələrini vurmağa davam edəcək.
Yeni rəhbərin bir başqa yanaşması da odur ki, ABŞ müharibəni dayandırmalı, İrandan üzr istəməli və vurduğu zərərə görə, təzminat ödəməlidir. İran tərəfinin ilkin hesablamalarına görə, müharibə nəticəsində dəyən zərərin miqdarı 50 milyard dollara yaxındır.
Müctəba Xamineyinin bir başqa hədəfi isə Hörmüz boğazıdır. O, müraciətində boğazın bağlı qalmasının vacib olduğunu qeyd edib. Aydəın məsələdir ki, Hörmüzün bağlı qalması qərb ölkələrinə ciddi iqtisadi problemlər yaradır. Çünki neftə olan təlabatlarını məhz bu boğaz vasitəsi ilə reallaşdıran Avropa, artıq bahalı neft və qaz almaq məcburiyyətində qalıb.
Görünən isə odur ki, İrandakı mövcud rejim bu sıxma ilə Avropanı ABŞ və İsrailin üzərinə qaldırmaq fikrindədir.
Fərda Uğur









