Hərbi xidmətin başlanğıc günü dəyişir

Hərbi xidmətin başlanğıc günü dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi xidmət müddətinin hesablanması ilə bağlı qaydalar dəyişir. Milli Məclisdə müzakirə edilən yeni layihə həm çağırışçılara, həm də peşəkar hərbçilərə təsir edəcək.

Tribuna.az xəbər verir ki, əsas yenilik xidmətin başlanğıc günü ilə bağlıdır. İndiyə qədər müddətli həqiqi hərbi xidmətə gedən gənclərin xidmət vaxtı komissarlığa gəldikləri gündən hesablanırdı. Yeni qaydaya görə isə xidmət müddəti şəxs rəsmən hərbi hissəyə göndərildiyi andan etibarən başlayacaq.

Müddətdən artıq xidmət edənlər, gizir və zabitlər üçün də fərqli prosedur tətbiq olunacaq. Onların xidmət dövrü artıq əmr verildiyi gün deyil, rəsmi müqavilə (bağlaşma) imzalandığı gündən sayılacaq. Eyni qayda orduya könüllü yazılan qadınlara da şamil ediləcək.

Bundan başqa, sənədlərlə bağlı yeni tənzimləmə nəzərdə tutulur. Hərbi xidmətə gedən şəxslərin və kursantların şəxsiyyət vəsiqələri müvəqqəti alınaraq aidiyyəti qurumda saxlanılacaq. Xidmət müddətində onları hərbi bilet əvəz edəcək. Vətəndaş xidmətini bitirdikdən sonra şəxsiyyət vəsiqəsini geri ala biləcək.

Məqsəd hərbi xidmət müddətinin hesablanmasında dəqiqliyi təmin etmək və sənədləşmə işlərini yeni sistemə uyğunlaşdırmaqdır.

Sənan Məmmədli