“Private Facility Management” və rəhbəri məhkəmə qarşısında

“Private Facility Management” və rəhbəri məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail Rayon Məhkəməsində “Private Facility Management” MMC və şirkətin rəhbəri Cavid İsgəndərov barəsində inzibati xəta haqqında işə baxılıb.

Qaynarinfo xəbər verir ki, şirkət və onun rəhbəri İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (əmək qanunvericiliyinin pozulması ilə bağlı dövlət nəzarətini həyata keçirən orqanın tələbi ilə sənədlərin və ya məlumatların müəyyən edilmiş müddətdə təqdim edilməməsi) ilə təqsirli biliniblər.

Məhkəmə materiallarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaş müraciəti daxil olub. Müraciətin araşdırılması məqsədilə “Private Facility Management” MMC-yə məktub göndərilərək tələb olunan sənədlərin 7 iş günü müddətində Xidmətə təqdim edilməsi tələb olunub.

Lakin sənədlər müəyyən edilmiş müddətdə təqdim edilməyib. Bu səbəbdən şirkət və onun vəzifəli şəxsi Cavid İsgəndərov barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında şirkətin nümayəndəsi bildirib ki, tələb olunan sənədlər sonradan həm elektron, həm də poçt vasitəsilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib. O, sənədlərin gecikdirilməsinin qeyri-ixtiyari baş verdiyini deyib.

Nümayəndənin sözlərinə görə, həmin dövrdə şirkətin bank hesablarına tətbiq edilmiş sanksiyalar səbəbindən sənədləri tam şəkildə təqdim etmək mümkün olmayıb.

Şirkət tərəfi gecikmə ilə bağlı təqsiri qəbul edib və cərimə tətbiq edilməməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarına əsasən, “Private Facility Management” MMC 2000 manat, şirkətin rəhbəri Cavid İsgəndərov isə 1000 manat məbləğində inzibati cərimə edilib.

Bununla belə, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsini əsas götürərək tətbiq edilmiş cərimələri şərti tətbiq edib.

Qərarda şirkətə və onun rəhbərinə törədilmiş hüquqpozmanı aradan qaldırmaları üçün 1 ay müddət verilib.