Tribuna.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibə səbəbindən neft emalı və dizel sənayesinin böyük hissəsinə nəzarəti itirdiyini bildirib.
Tramp bunu Truth Social hesabında yazıb. Onun sözlərinə görə, Rusiyada çoxsaylı dizel neft emalı zavodları partladılıb və ən azı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
“Rusiya, təəssüf ki, Ukrayna ilə müharibə səbəbindən dizel sənayesinə nəzarəti itirib. Çox sayda Rusiya dizel neft emalı zavodu partladılıb və ən azı müvəqqəti olaraq sıradan çıxarılıb”, – Tramp qeyd edib.
ABŞ Prezidenti müharibəni “mənasız və sonsuz” adlandıraraq onun dayandırılmalı olduğunu vurğulayıb.
Tramp həmçinin müharibənin bütün dünyaya təsir etdiyini bildirib. Onun iddiasına görə, hər ay təxminən 25 min insan, əsasən hərbçilər həyatını itirir.
Qeyd edək ki, Trampın sözləri Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri fonunda səslənib. Daha əvvəl Financial Times Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiya neft emalı zavodlarına hücumların dayandırılmasını istədiyini yazmışdı.
İmran Kərimli









