Toydan çıxarkən qonşusunu döydü – 2 il 3 ay azadlığı məhdudlaşdırıldı

Toydan çıxarkən qonşusunu döydü – 2 il 3 ay azadlığı məhdudlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda toy mərasimindən sonra qonşusunu döyərək xəsarət yetirən şəxsə hökm oxunub.

 

Qaynarinfo-nun əldə etdiyi məhkəmə sənədinə görə, hadisə 2026-cı ildə “İnci” şadlıq sarayının yaxınlığında baş verib. İttihama əsasən, Yaqub İsmayılovun toy mərasimindən çıxarkən təqsirləndirilən şəxslə salamlaşmaması mübahisəyə səbəb olub. Təqsirləndirilən şəxs ona kəllə və yumruq zərbələri vurub.

 

Nəticədə Yaqub İsmayılovun burnu sınıb, üz nahiyəsində müxtəlif xəsarətlər yaranıb. Ekspertiza burun sınığını sağlamlığa az ağır zərər kimi qiymətləndirib.

 

Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib və qarşı tərəfin onu itələməsindən sonra zərbə endirdiyini deyib. Zərərçəkmiş isə hadisədən sonra onunla barışdığını və şikayətinin olmadığını bildirib.

 

Məhkəmə özünümüdafiə versiyasını qəbul etməyib və hadisədə xuliqanlıq niyyətinin olduğunu müəyyənləşdirib. Təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunduğu məlum olub.

 

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri üzrə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

İki günlük həbs müddəti nəzərə alındıqdan sonra cəzanın 2 il 2 ay 26 günü qalıb.

 

Cəza müddətində məhkumun saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməsi, Bakı, Abşeron və Sumqayıt ərazilərini tərk etməsi qadağan edilib. Həmçinin onun üzərinə elektron nəzarət vasitəsi gəzdirmək öhdəliyi qoyulub.

 

Hökmdən 20 gün ərzində apellyasiya şikayəti verilə bilər.