“Udinlərin Albaniyanın yeganə varisi hesab edilməsi böyük səhvdir. Halbuki biz hamımız Albaniyanın varisiyik. “Yeganə” sözü artıqdır”.
Tribuna.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasında “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.
H.Həsənov bildirib ki, udinlərin fərqi xristianlığı qoruyub saxlamaqlarındadır: “Albaniya tarixinin xeyli problemləri var, çünki ayrı-ayrılıqda tədqiq edilib. Kifayət qədər deyil”.
Alim qeyd edib ki, Azərbaycan məktəblərində tədris olunan tarix dərsliklərində problem çoxdur: “Elm və Təhsil Nazirliyinə məktub da yazmışam, tənqid etmişəm. Mən də gileyliyəm ki, Nazirlik bu problemi həll etmir. Dərsliklərlə bağlı 40 mövzu qaldırmışam. Məni dinləsinlər, araşdırmasınlar, dəyişikləri etsinlər”.









