Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə aparılan söküntü işləri ilə bağlı mülkiyyət qalmaqalı yaşanır.
Tribuna.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Əsgərov Elçin Hüseynbala oğlunun ailə üzvlərindən biri müraciət edib.
Müraciətdə bildirilir ki, Əsgərov Elçin Hüseynbala oğlunun mülkiyyətində olan və Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla təsdiqlənən Yasamal rayonu, Lev Tolstoy küçəsi, 89 nömrəli fərdi yaşayış evində paylı mülkiyyət hüququ var.
Söküntü işləri aparılarkən ailəyə komissiya üzvü tərəfindən şifahi şəkildə binanın memarlıq abidəsi hesab olunduğu və bu səbəbdən kompensasiya ödənilməyəcəyi bildirilib.
Lakin müraciət müəllifi iddia edir ki, bununla bağlı ona hər hansı rəsmi qərar, bildiriş və ya hüquqi əsas təqdim edilməyib.
Məsələ bununla da bitmir. Ailə binanın gələcək taleyi ilə bağlı da konkret cavab ala bilməyib. Belə ki, binanın bərpa ediləcəyi və bundan sonra mülkiyyətçilərə geri qaytarılıb-qaytarılmayacağı ilə bağlı verilən suala komissiya üzvünün “bilmirəm” cavabını verdiyi bildirilir.
Müraciətdə diqqət çəkən digər məqam isə eyni ərazidə çıxarışı olan digər sakinlərin kompensasiya alaraq köçürülməsidir. Ailə bu halda onların mülkiyyətinə niyə fərqli münasibət göstərildiyini anlaya bilmir.
Əsgərov Elçin Hüseynbala oğlunun ailəsi hesab edir ki, çıxarışla təsdiqlənən mülkiyyət hüququnun taleyi ilə bağlı onlara konkret və rəsmi izahat verilməlidir.
Müraciət müəllifi həmçinin söküntü ərazisindəki ünsiyyətdən narazılığını ifadə edib. Onun sözlərinə görə, əraziyə hər dəfə getmək və məsələ ilə bağlı cavab almağa çalışmaq əlavə gərginlik yaradır. Bu səbəbdən tez-tez əraziyə getməkdən çəkindiyini deyir.
Ailə əsasən üç suala cavab istəyir:
* Bina həqiqətən memarlıq abidəsidirsə, bunu təsdiqləyən rəsmi sənəd haradadır?
* Çıxarışı olan digər sakinlər kompensasiya aldığı halda, bu mülkiyyətə niyə fərqli yanaşılır?
* Bina bərpa ediləcəksə, mövcud mülkiyyətçilərin hüquqları necə təmin olunacaq?









