“Hər şey travmadır” yanaşması nə dərəcədə doğrudur? — VİDEO

“Hər şey travmadır” yanaşması nə dərəcədə doğrudur? — VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XX əsr psixoanalizinin banisi olan Ziqmund Freyd uzun illərdir psixologiya və sosial elmlərdə dominant fiqur kimi təqdim olunur. Onun nəzəriyyələri xüsusilə fərdin şüuraltı impulsları və erkən uşaqlıq təcrübələri üzərində qurulub və bu yanaşma bir çox müasir istiqamətlərə təsir edib. Lakin digər böyük düşünür — Karl Qustav Yunq — insan psixikasına daha geniş, simvolik və kollektiv şüuraltı prizmasından baxaraq fərqli və daha hərtərəfli model irəli sürmüşdü.

Xüsusilə 90-lar nəslinin yaşadığı sosial-iqtisadi çətinliklər, ailədaxili zorakılıq, boşanmalar və emosional laqeydlik fonunda “travma” anlayışı bu gün daha çox müzakirə olunur. O dövrdə valideynlər psixoloji zədələr barədə indiki qədər məlumatlı deyildilər; uşaqların emosional dünyası çox vaxt nəzərə alınmırdı. Buna baxmayaraq, həmin nəslin bir hissəsi bu çətinlikləri aşaraq funksional və məsuliyyətli fərdlərə çevrilə bildi.

Bu gün isə travmaya qarşı həssaslığın artdığı bir zamanda fərqli sosial problemlərlə üzləşirik. Bəzən “həddindən artıq qorunan” nəsildə aqressiya və sərhəd tanımayan davranışlar müşahidə olunur. Bu reallıq yeni sual doğurur: travma anlayışı həqiqətənmi yanlış şərh edilir, yoxsa məsələ fərdin öz yaşantısını dərk edib onun üzərində işləməsindədir?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, Freydin nəzəriyyələrində insan davranışlarının kökündə daha çox uşaqlıq travmalarını və şüuraltı konfliktləri görürdü. O dövr üçün bu, çox böyük bir yenilik idi. Çünki Ziqmund Freyd ilk dəfə dedi ki, insanın bugünkü davranışlarının səbəbi çox vaxt keçmişdə, xüsusilə uşaqlıqda gizlənir.

“Amma məncə, hər şeyi travmaya bağlamaq bir qədər birtərəfli yanaşmadır. İnsan yalnız aldığı zərbələrin cəmi deyil.
Digər tərəfdən Karl Qustav Yunq insana daha geniş baxırdı. O, təkcə travmanı yox, insanın daxili potensialını, kollektiv yaddaşını, arxetiplərini, mənəvi inkişaf yolunu da nəzərə alırdı. Mənə görə Yunq daha hərtərəfli idi. Çünki o, insanı sadəcə yaralanmış varlıq kimi deyil, inkişaf edən və dəyişə bilən varlıq kimi görürdü.
Biz 90-lar nəsli olaraq daha sərt böyümüşük. Döyülən də olub, ailədaxili konfliktlərə şahid olan da, boşanma travması yaşayan da. O zaman valideynlər “birdən travma alar” deyə düşünmürdülər. Amma buna baxmayaraq, bu gün cəmiyyətdə gördüyümüz aqressiya və zorakılıq təkcə travma ilə izah oluna bilməz. Əksinə, indi “üstündə quş qondurmayaq” deyə böyüdülən uşaqların bəzən daha sərhədsiz və aqressiv davranışlar göstərməsi də müşahidə olunur.
Bu o demək deyil ki, travma yoxdur və ya mənasızdır. Travma var və təsiri də realdır. Amma travma insanın taleyi deyil. Fərqində olan insan öz travmasının üzərində işləyə, onu anlaya və aşmağı bacara bilər. Travmanı bəhanəyə çevirmək başqa, onunla üzləşib transformasiya olmaq başqadır.
Məncə məsələ Freydin səhv, Yunqun isə tam doğru olmasında deyil. Məsələ ondadır ki, insan nə yalnız travmadır, nə də yalnız potensial. İnsan həm yaralanır, həm də sağala bilir. Və bu sağalma prosesi şüurluluqdan başlayır”.

Dəniz Pənahova