“Hər görüşdə 300 manat verirdim” – Tiktokerin həbsində yeni DETALLAR

“Hər görüşdə 300 manat verirdim” – Tiktokerin həbsində yeni DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beniz” ləqəbi ilə tanınan tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 Tribuna.az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək Aybəniz Xəlilovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Cinayət işinin materiallarına görə, iş adamı Xalid Kərimov Suraxanı rayon Polis İdarəsinə müraciət edərək Aybəniz Xəlilovanın müxtəlif vaxtlarda ondan ümumilikdə 836 min manat aldığını bildirib. İstintaq materiallarında qeyd olunur ki, tərəflər arasında uzun müddət şəxsi münasibət olub. Zərərçəkmiş ifadəsində Aybəniz Xəlilova ilə pul müqabilində görüşdüyünü, hər görüş zamanı ona 300 manat verdiyini etiraf edib. Lakin sonradan tiktokerin bu münasibətdən istifadə edərək ondan böyük məbləğdə pul tələb etdiyi və hədə-qorxu gəldiyi iddia olunub.

Məhz bu iddialar əsasında Aybəniz Xəlilova barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü maddələri (təkrar və külli miqdarda ziyan vurmaqla hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülüb.

Əvvəlki proseslərdə həm zərərçəkmişin, həm də təqsirləndirilən şəxsin ifadələri geniş müzakirə olunmuşdu. Aybəniz Xəlilova özünü təqsirli bilmədiyini deyərək Xalid Kərimovun ona könüllü şəkildə pul verdiyini, heç vaxt hədə-qorxu gəlmədiyini söyləmişdi. Onun sözlərinə görə, münasibətlər qarşılıqlı razılıq əsasında qurulub və verilən pullar da həmin münasibətin tərkib hissəsi olub. Xalid Kərimov isə əksinə, məhkəmədə münasibətlərin sonradan təzyiq və şantaj xarakteri aldığını iddia edib. O bildirib ki, müxtəlif səbəblərlə ondan davamlı şəkildə pul tələb olunub və nəticədə ödədiyi məbləğ yüz minlərlə manata çatıb.

Məhkəmə araşdırmaları zamanı tərəflər arasında telefon yazışmaları, pul köçürmələri və digər sübutlar da tədqiq edilib.

Cinayət Məcəlləsinin Aybəniz Xəlilovaya elan olunmuş maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Dövlət ittihamçısının istədiyi 11 illik həbs cəzası da ittihamın ağırlığını göstərir.

Bu cinayət işi son illər Azərbaycanda sosial media fenomenlərinin adının hallandığı ən səs-küylü proseslərdən biri hesab olunur. İş həm tələb olunan məbləğin böyüklüyü – 836 min manat, həm də tərəflər arasındakı şəxsi münasibətlərin sonradan ağır cinayət ittihamına çevrilməsi səbəbindən ictimai maraq doğurur.

Proses iyulun 21-də davam etdiriləcək.

E.Məmmədəliyev,
Musavat.com