Tanınmış jurnalist TƏBİB-i jurnalistlər arasında ayrı-seçkilik etməkdə ittiham etdi

 Tanınmış jurnalist TƏBİB-i jurnalistlər arasında ayrı-seçkilik etməkdə ittiham etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xəbər verir ki, tanınmış jurnalist Həbibə Abdulla sosial şəbəkə hesabındakı paylaşımında qurumu media nümayəndələri arasında ayrı-seçkilik etməkdə ittiham edib.

Jurnalistin sözlərinə görə, görüşə dəvət olunan şəxslərə göndərilən mesajda tədbirdə yalnız “seçilmiş media nümayəndələrinin” iştirak edəcəyi bildirilib və məlumatın digər həmkarlarla paylaşılmaması xahiş olunub. Bu yanaşmaya etiraz edən Həbibə Abdulla sual edib ki, dövlət qurumu hansı səlahiyyətlə jurnalistləri “seçilmiş” və “seçilməmiş” qruplara ayırır. “TƏBİB-in işi media nümayəndələri arasında ayrı-seçkilik etmək deyil. Əgər məqsəd aparılacaq islahatlar barədə ictimaiyyəti məlumatlandırmaqdırsa, bu məlumatlar bütün media üçün açıq olmalıdır”, – jurnalist vurğulayıb.

O, həmçinin görüşə dəvət olunan jurnalistlərin hansı meyarlarla seçildiyinin açıqlanmalı olduğunu qeyd edib və bu yanaşmanın şəffaflıq prinsiplərinə uyğun olub-olmaması ilə bağlı suallar səsləndirib. Həbibə Abdulla paylaşımının sonunda TƏBİB-in səhiyyə sahəsində planlaşdırdığı islahatların da eyni prinsiplərlə həyata keçirilib-keçirilməyəcəyini sorğulayaraq qurumun fəaliyyətini tənqid edib. Sözügedən paylaşım jurnalistlər tərəfindən dəstəklənib və TƏBİB-in bu yanaşması sərt şəkildə tənqid olunub.

Fərda Uğur