Mütəxəssislər müəyyən ediblər ki, gündə cəmi 30 dəqiqə piyada gəzmək orqanizmə əvəzsiz fayda verir. Lakin gəzintinin həqiqətən effektiv olması üçün diqqət edilməli olan bir neçə vacib məqam var.
Tribuna.az xəbər verir ki, sktiv həyat tərzi sağlamlığı qorumağın və yaxşı fiziki formada qalmağın ən təsirli yollarından biri hesab olunur. Müntəzəm fiziki aktivlik təkcə bədən quruluşuna deyil, həm də əhval-ruhiyyəyə müsbət təsir göstərir. Bunun üçün isə saatlarla idman zalında vaxt keçirmək mütləq deyil.
Mütəxəssislərin fikrincə, gündə cəmi 30 dəqiqə piyada gəzmək belə sağlamlığa ciddi töhfə verə bilər. Bəs faydalı idman gəzintisi necə olmalıdır?
Gəzinti tempi
Piyada gəzmək orqanizmə digər idman növləri ilə müqayisədə daha az yük verir və insanı o qədər də yormur. Ancaq asta templə gəzmək arıqlamaq baxımından istənilən nəticəni vermir.
Çəki azaltmaq istəyənlər kifayət qədər sürətli templə gəzməli və bu tempi mümkün qədər sabit saxlamalıdırlar. Bundan əlavə, interval sürətlənmələri də faydalıdır. Məsələn, hər 5–10 dəqiqədən bir 30–60 saniyə ərzində tempi artırmaq, daha sonra isə təxminən 30 saniyə ərzində yavaşlayaraq yenidən orta tempə qayıtmaq tövsiyə olunur.
Faydalı tətbiqlər və cihazlar
Müasir texnologiyalar gəzinti rejiminə nəzarəti xeyli asanlaşdırır. Fitnes qolbaqları, smart saatlar və mobil tətbiqlər qət edilən məsafəni, atılan addımları, hərəkət sürətini və təxmini yandırılan kaloriləri hesablayır.
Sağlamlıq göstəricilərini izləmək üçün nəbzölçən və digər sensorlardan da istifadə etmək mümkündür. Bu cihazlar real vaxt rejimində nəbzi, qan təzyiqini, bədən temperaturunu və qandakı oksigen səviyyəsini izləyərək gəzintinin nə dərəcədə effektiv olduğunu qiymətləndirməyə kömək edir.
Düzgün qidalanma
İstənilən fiziki aktivlik düzgün qidalanma ilə birlikdə daha yaxşı nəticə verir. Arıqlamaq üçün əsas şərtlərdən biri kalori çatışmazlığı (kalori defisiti) yaratmaqdır.
Gündəlik qəbul edilməli kalori miqdarı çəkiyə və fiziki aktivlik səviyyəsinə uyğun olaraq xüsusi tətbiqlər vasitəsilə hesablana bilər. Mütəxəssislər həftə ərzində fiziki aktivlik sayəsində təxminən 3500 kalori sərf etməyi tövsiyə edirlər.
Yaxşı fiziki formanı qorumaq üçün özünü ağır məşqlərlə yormaq mütləq deyil. Əsas şərt müntəzəm hərəkət etmək və sağlam qidalanma qaydalarına əməl etməkdir.
İmran Kərimli









