“Rusiya irəli sürdüyü absurd tələblərin böyük bir hissəsini əldə etməsə təcavücü dayandırmayacaq”.
Qaynarinfo xəbər verir ki, bunu ReAL-ın icra katibi Natiq Cəfərli deyib:
“İndi dünya mediasının ən “dəb” mövzusu Rusiyanın Ukraynaya təcavüzü və işğal cəhdinin hansı senari ilə bitəcəyi barədə fikirlərdir. Bir çox dostlar, tanınmış insanlar, bəzi özlərinə siyasətçi deyənlər, “Rusiya məğlub oldu-olacaq”, tezisini irəli sürürlər – yaxşı, qısa və hərbi mənada Rusiyanın məğlub olması nə deməkdir, nə baş versə, bunu Kremlin məğlubiyyəti saymaq olar:
Rusiya Krımdan, “DXR və “LXR”-dən çıxıb, kapitulyasiya aktı imzalayacaqmı və ya Ukrayna ordusu Moskvanımı görütəcək?! – Xeyr, bu mümkün deyil, bu texniki, hərbi olaraq mümkün deyil.
Rusiya irəli sürdüyü absurd tələblərin böyük bir hissəsini əldə etməsə, təcavüzü dayandıracaqmı?! – Yox. Kreml üçün öz əsgərinin həyatının heç bir dəyəri yoxdur, rəsmi Moskvanın qurduğu absurd “hekayəyə” inanan böyük bir zombiləşmiş vətəndaş kütləsi var, bu kütlə adekvat insanların sayından qat-qat çoxdur, ona görə də hərbi əməliyyatların ancaq əsgər ölümlərinə görə tezliklə dayandırması mümkün görünmür”.
N. Cəfərli düşünür ki, hətta kəskin sanksiyalar belə Kremli durdurmayacaq:
“Təəssüf ki, gözü qaralmış Kreml qısa zamanda sanksiyalara görə işğala son verməyəcək. Bəzən bu təcrid elə Kremlin özünə də indi, qısa müddətə sərf edir. Rusiyalılar Kremlin təbliğatı ilə üzbəüz qalır, alternativ fikirlər, xəbərlərin yayılması azalır”.
Ekspertin sözlərinə görə, ilkin olaraq Ukrayna NATO üzvlüyündən imtina etdiyi təqdirdə müharibə bitə bilər:
“Son günlər Zelenskinin Qərbə, NATO-ya qarşı sərt çıxışları elə daxili auditoriyanı, xalqı bu qərara hazırlamaq üçündür. İkincisi, Ukrayna neytral statusunu elan edərək ağır silahlardan imtinanı qəbul edir.
Digər tərəfdən, Ukrayna Krım və qondarma “respublikaların” taleyini gələcəkdə müəyyənləşdirməyə söz verir, yəni, obrazlı desək, Çinin Britaniya ilə Honkonqla bağlı müqaviləsinə bənzər bir öhdəliklər imzalanır və bu müqaviləni bütün dünya da qəbul edir. Yəni, Ukrayna Krıma və qondarma “respublikalara” iddiasını dondurur, həmin ərazilərin heç vaxt silah gücünə qaytarmağa cəhd belə etməyəcəyi ilə bağlı yazılı öhdəlik götürür. Həmçinin, qondarma “respublikalardan” Krıma quru yolla koridora razı olur, o yol Rusiya nəzarətinə keçir, Krımın su ilə təminatına Ukrayna tərəfindən zəmanət verilir”.
Bunlar baş versə, partiya funksioneri hesab edir ki, ilk baxışdan Ukraynanın məğlubiyyəti kimi görünsə də, orta və uzun vədədə böyük qalibiyyəti olacaq:
“Ukrayna ikinci dünya müharibəsindən sonra Qərbi Almaniyanın yeni versiyası ola bilər. Almaniya müharibədən məğlubiyyət bir qırağa, dağılaraq, məhv olunmuş çıxdı, torpaqları parçalandı, Şərqi Almaniyanı Rusiyaya güzəştə getdi, amma cəmi 15-20 il sonra dünyanın ən güclü iqtisadi modellərindən birinə çevrildi, müharibədən cəmi 44 il sonra isə bütün torpaqlarını, Şərqi Almaniyanı özünə qaytardı”.
Həmsöhbətimizin fikrincə, tarix, siyasət, əsas da orta-uzun zamanlı baxış bucağı ciddi məsələdir, emosional yanaşmanı, pafosu, ağılsız qərarları sevmir:
“Rusiya orta-uzun zaman kəsimində məğlubdur, hətta indi yuxarıda qeyd etdiyim şərtlərlə “udmuş” görünsə belə, cəmi bir neçə ilə iqtisadi, texnoloji olaraq “daş dövrünə” düşəcək. Hətta Ukraynanın bərpasının pulunun böyük bir hissəsini də Rusiya ödəməyə məcbur qalacaq. Möhtəşəm Ukrayna xalqı üçün “Qərbi Almaniya” olmaq şansı yaranacaq, bu şansdan doğru-düzgün istifadə edə bilsələr, cəmi bir neçə ilə “rol-model” ölkəyə, bütün slavyan-provoslav toplumlar üçün cazibə mərkəzinə çevrilə bilərlər.
Bu döyüşü, bu müharibəni Ukrayna silahla yox, ağılla, “vizyonla”, strateji düşüncə ilə udmalıdır – udacaq da…”.









