Bakıda fəaliyyət göstərən “General Hospital” daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. “Yaşam Medical” klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib.
Tribuna.az “Unikal”a istinadla xəbər verir ki, şikayətçi Ruslan Hüseynov paytaxtda yerləşən restoranlardan birində çalışan zaman “Yaşam Medical” klinikasının əməkdaşlarının ondan analiz üçün qan götürdüklərini bildirib:
“20 manat da ödəniş etdim. Bir neçə gün sonra – 14 mart 2026-cı il tarixində analizin cavabı gəldi. Cavabda heç bir problemin olmadığı bildirildi.
Bir müddət sonra isə başqa bir restoranda işləməyə başladım. Bu səbəbdən sağlamlıq kağızı almalı idim. Beləliklə, digər bir özəl klinikaya qan analizi üçün müraciət etdim. Məndə hepatit aşkarlandı. Qeyd edim ki, bu analiz cavabı 4 may 2026-cı il tarixində qeydə alınıb. Məlum oldu ki, yoluxma uzun müddət əvvəl baş verib.
Şikayətim “Yaşam Medical” klinikasındandır. Nəyə görə vətəndaşların analizləri düzgün həyata keçirilmir? Normal yoxlasaydılar, hepatit barədə daha tez məlumatlı olardım.
Onu da qeyd edim ki, məndə bu xəstəlik aşkarlanandan sonra yenidən yoxlanış etmək istədim. Bu dəfə “General Hospital”a müraciət etdim, lakin məlum oldu ki, həmin klinika heç bir yoxlanış etmədən saxta sağlamlıq arayışı verir. Mənə kart nömrəsi göndərdilər, ödəniş etdim. Ertəsi gün isə mənə sağlamlığımda heç bir problem olmadığı barədə saxta arayış göndərdilər”.
Xatırladaq ki, “General Hospital” dəfələrlə saxta sağlamlıq arayışlarının verilməsi ilə bağlı gündəmə gəlib. Hətta bu məsələ ilə bağlı cinayət işi də başlanılmışdı. Onu da qeyd edək ki, “General Hospital” klinikasının baş həkimi Rüstəm Mikayılovdur.









