Makron Bakı-İrəvan münasibətlərində Ermənistanın xeyrinə, eyni zamanda, Fransanın Cənubi Qafqazda iştirakçılığını saxlamaq üçün Əliyevdən “icazə istəyirdi”. Və istisna deyil ki, Fransa prezidenti buna nail olmaq, həm də münasibətlərdə qapını “aralı saxlamaq” üçün Senatın qətnaməsinin hökumətin siyasətinə aid olmadığını inandırmağa çalışıb.
Tribuna.Az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Asif Nərimanlı çıxış edib. Fransa Senatının Azərbaycana qarşı qətnaməni qəbul etməsini dəyərləndirən ekspert bildirib ki, bu, gözlənilən idi:
“Qəbul edilən qətnamə Fransanın nəinki vasitəçiliyi, ümumiyyətlə Azərbaycanla münasibətlərini də sual altına saldı. Qətnamənin tərkibi belədir ki, Fransa hökuməti Ermənistana və “Dağlıq Qarabağa” “təcavüzə” görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Həmçinin, Azərbaycan sentyabr döyüşlərində “Ermənistanın suveren ərazisinə hücumda” ittiham edilir və rəsmi Bakını “qoşunları Ermənistandan çıxarmağa” çağırır.

Qətnamədə həmçinin Fransanın “Dağlıq Qarabağı” tanınmasının vacibliyi bir daha təsdiq olunur, Laçın dəhlizinin statusunun dəyişməz qalacağına təminat verilməsi tələb edilir, Fransa hökuməti avropalı müttəfiqlərlə birlikdə Azərbaycanın “yeni hücumlarına” güclü və adekvat cavab verməyə dəvət edilir, Azərbaycan rəhbərliyinə qarşı, o cümlədən, Azərbaycanın neft və qaz ixracına sanksiyaların qoyulması çağırışı edilir, Fransa hökumətindən Qarabağda “humanitar ofisin” yaradılması, “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” və İrəvana bütün vasitələrlə dəstəyin göstərilməsi xahiş olunur.
Qətnamənin müzakirəsində iştirak edən 296 senatorun 295-i lehinə səs verib, o cümlədən, Fransa xarici işlər naziri qətnamənin qəbuluna etiraz etməyib və bu iki məqam da Makron administrasiyasının Azərbaycan əleyhinə qətnaməyə praktiki dəstəyinin nümunəsidir”.
Politoloq qeyd edib ki, Azərbaycanın enerji resurslarına sanksiyaların, o cümlədən, Fransanın Bakıya qarşı sanksiya tətbiq etməsi ehtimalı azdır. Lakin iki istiqamətdə addımların atılması gözləniləndir:
“Birinci istiqamət Ermənistanın “müdafiə qabiliyyətinin artırılması”dır ki, Fransa və Ermənistanın hərbi rəhbərliyi bu məsələ ilə bağlı artıq müzakirələr keçirib.
İkincisi istiqamət isə Qarabağda “humanitar ofisi”n açılmasıdır. Rusiya buna soyuq yanaşacaq, lakin bir məqam – Moskva ilə yanaşı, Qərblə də münasibətlərə malik olan Ruben Vardanyanın Xankəndinə köçməsi və separatçıların qondarma “dövlət naziri” kimi fəaliyyəti bu məsələnin mümkünlüyü ehtimalını önə çıxarır. Rusların layihəsi olan Vardanyanın Qarabağa gəlişindən ilk görüşləri Fransada keçirməsi də bu kontekstdə diqqət çəkir”.
Nigar









