Qərbdə məşhur olan şirniyyatlar, burgerlər və qazlı içkilər yeniyetmə qızlarda davranış dəyişikliyinə səbəb olur.
Qaynarinfo xəbər verir ki, İran və Böyük Britaniyadan olan bir qrup elm adamının araşdırmalarından belə nəticəyə gəlinib.
Məhsa Malekahmadi və həmkarları tədqiqatları üçün İranın Xorasan Rəzəvi əyalətinin müxtəlif rayonlarında müxtəlif məktəblərdən 12-18 yaş arası 670 yeniyetmə qızı araşdırmalara cəlb ediblər. Xroniki xəstəlikləri olan və ya müvafiq dərman və əlavələr qəbul edən subyektlər tədqiqatdan kənarlaşdırılıb.
Tədqiqat çərçivəsində iştirakçılara yeməklərlə bağlı suallar verilib. Nəticədə 168 qida daxil olmaqla 40 əsas qidalanma sxemi qrupu müəyyən edilib.Qızların çəkisi, boyu və beli bir neçə dəfə ölçülüb və qan təzyiqi standart protokollarla qiymətləndirilib. Onlardan həmçinin “Bəzi dostlarım mənim əsəbi olduğumu düşünür” və “tanıdığım insanları hədələmişəm” kimi bəndlərlə emosional vəziyyətlərini qiymətləndirmələri istənilib.
Tədqiqat iştirakçılar arasında üç əsas pəhriz nümunəsi müəyyən edib və məlum olub ki, Qərbdə məşhur olan fast food, şirniyyat və qırmızı ət yeyənlərin aqressivlik səviyyəsi daha yüksəkdir. Bununla belə, sağlam qidalanma ilə aqressivlik arasında əhəmiyyətli korrelyasiya müəyyən edilməyib.
Tədqiqatın müəllifləri qida keyfiyyətinin yaxşılaşdırılması və qeyri-sağlam qidalardan imtinanın yeniyetmələrdə aqressivliyi potensial olaraq azalda biləcəyi ehtimalını irəli sürüblər, lakin bunu təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.









