“Şuşa Bəyannaməsi artıq Türkiyə Böyük Millət Məclisi və Azərbaycan Milli Məclisi tərəfindən təsdiqlənib. Rusiya prezidenti Ermənistanın baş nazirini məcbur edir ki, Minsk Qrupunun digər iki həmsədrini – Fransa və ABŞ-ı üz-üzə qoymaq üçün, gedib Azərbaycanla sülh müqaviləsi imzalasın. Nikol Paşinyan bu müqaviləni imzalasa, Putin deyəcək ki, onlar bunu ediblər, mənim günahım nədir? Üçtərəfli bəyanatla bağlı məsələdə də eyni şey oldu. Onu imzalamağa məcbur etdilər, dedi ki, guya bu Ermənistanın təşəbbüsüdür. Ermənistan artıq öz suverenliyini və müstəqilliyini itirib. Rusiya Ermənistanın müttəfiqi deyil, Ermənistan müstəmləkə kimi Rusiyanın “müttəfiqidir”. Güman edə bilərəm ki, burada hər şeyi Rusiyanın Ermənistandakı səfiri həll edir”.
Bu sözləri erməni türkoloq Hakob Çakryan deyib. Türkoloq bildirib ki, Ermənistan parlamenti Şuşa Bəyannaməsinin ratifikasiyası ilə bağlı bəyanat hazırlayıb, amma burda “Rusiyanın hərəkətləri” ilə bağlı heç bir ifadə yoxdur:
“Ermənistan parlamenti Azərbaycan və Türkiyə parlamentləri tərəfindən Şuşa Bəyannaməsinin ratifikasiyası ilə bağlı iclas keçirəcək. Artıq bizim parlament bəyanatın layihəsini hazırlayıb. Bəyanatda bildirilir ki, “Zəngəzur dəhlizi ilə bağlı ifadələr Türkiyə və Azərbaycanın birgə ekspansionist proqramların həyata keçirilməsi üçün ictimai razılaşmalar əldə etdiyini göstərir”. Parlamentin bəyanatlarında Rusiyanın hərəkətləri barədə heç bir ifadə yoxdur”.
Ekspert bildirib ki, Rusiya ABŞ və Fransanın bölgəyə qayıtmasından qorxur:
“Bu günün aktual mövzularından biri də Amerikaya görə nəqliyyat yollarının, Rusiyaya görə isə Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Bu proses Moskvanın təşəbbüsü ilə başlasa, o dəhliz açılacaq, ikinci dəhliz isə isə Meğrinin şimalından keçəcək.
Putin bunu niyə etmək istəyir? Co Bayden bir dəfə dedi ki, biz bölgəyə qayıtmışıq. Əgər bölgəyə qayıdıblarsa, deməli Cənubi Qafqaza qayıtmalıdırlar. Və 44 günlük müharibəyə görə Putin Minsk Qrupunun digər nümayəndələrinin siyasi mövcudluğunu ləğv etdi. Yəni onlar prosesdən kənarlaşdırıldı və nəticədə Cənubi Qafqazdan qovuldular. ABŞ bölgəyə qayıtsa, Fransa da qayıdacaq. Putin bundan qorxur”.









