“Rusiya öz maraqlarından çıxış edərək, Qarabağda bəzi öhdəliklər götürdü. Lakin açıq-aydın görünür ki, Ukrayna hadisələrindən sonra həmin öhdəlikləri yerinə yetirə bilmir”.
Tribuna.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
Onun sözlərinə görə, indi dünya çox dəyişib. “Bəziləri elə düşünür ki, Rusiyadan Azərbaycana zəng vurub, hədələmək mümkündür. Və ya Bakını nəyəsə məcbur etməyə nail olsun. Həmin dövrlər keçdi. İndi Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Kifayət qədər döyüş qabiliyyətinə malik ordu yaratmağı bacaran, kifayət qədər uğurlu müttəfiqlərlə – Türkiyə, Pakistan, İsrail və Böyük Britaniya ilə əhatə oluna bilən tamam başqa dövlətdir.”
Erməni politoloq Moskvanın Azərbaycana qarşı hansı təsir imkanlarına malik olmasına da aydınlıq gətirməyə çalışıb. “Qlobal olaraq bunun üç yolu var: biri diplomatiya, ikincisi hərbi yol, üçüncüsü isə hibrid addımlardır. Rusiya Ukraynada ölümcül müharibə aparır. Masanın üstündə varlıq və yoxluq məsələsi var. Rusiyanın Qarabağda 2 minə yaxın sülhməramlısı, Ermənistandakı Gümrü hərbi bazasında isə təxminən 4-5 min nəfər əsgəri var. Bu, Azərbaycana qarşı hərbi əməliyyatların aparılması üçün gülünc rəqəmdir. Əgər sülhməramlılarla toqquşma olarsa, hətta Ermənistandakı Rusiya hərbi bazası belə köməklərinə gəlsə, Azərbaycan Oordusu onları bir neçə saatın içində məhv edər. Əgər Rusiya Azərbaycana qarşı uğurlu hərbi əməliyyat keçirmək istəsə, Azərbaycan Dağıstandan girməli olacaq. Yəni ən azı 300 min insan öz sülhməramlılarını qorumaq üçün Dağıstandan Qarabağa köçməlidir. Lakin reallıq budur ki, Rusiya bu gün Ukrayna cəbhəsindən 100 min, hətta 10-20 min insanı çıxarıb başqa yerə göndərə bilməz”.
Kiviryan daha sonra bildirib ki, Rusiya Dağıstan istiqamətində hücuma keçmək üçün bu qədər əsgər yığsa belə, həmin yerə çatmazdan əvvəl sülhməramlılarını, Qarabağı və yəqin ki, Zəngəzuru itirməli olacaq. “Ukraynada vəziyyət davam etdikcə, Moskvanın kəskin addımlardan qaçacağı aydındır”.
Erməni politoloqun sözlərinə görə, diplomatik cəbhədə Azərbaycan özünü çox güclü hiss edir. “Xüsusən də Ukraynadakı müharibə səbəbindən Rusiya Azərbaycan-Türkiyə dünyasından asılı vəziyyətə düşüb. Azərbaycan yaxşı başa düşür ki, Moskva ondan asılıdır. Təbii ki, Türkiyədən daha çox asılıdır. Lakin Türkiyədən asılılıq müəyyən dərəcədə Azərbaycandan asılılığa qədər uzanır. Onlar yaxşı bilirlər ki, Moskvanın diplomatik rıçaqları yoxdur”.
O, əlavə edib ki, Rusiya hələ də hibrid addımlar atmalıdır: “Putinlə Əliyev arasında telefon danışığından sonra yol açılmayanda dərhal məlumat yayıldı ki, ruslar Belarusdan Rusiyaya Azərbaycan yük maşınlarının girişinə qadağa qoyublar. Bu hibrid modeldir”.
Tribuna.az









