Elm və təhsilin yüksək inkişaf etdiyi ölkələrdə təhsil nazirinin maaşı professorun maaşından 2 dəfə yüksəkdir.
Elm və təhsilin tənəzzül etdiyi Azərbaycanda isə təhsil nazirinin maaşı professorun maaşından 10-12 dəfə çoxdur. Çox qəribədir, hansı xidmətlərinə görə?.
Tribuna.az xəbər verir ki, bu barədə danışan və haqlı sual verən dosent İlham Əhmədov bildirib ki, elmi mühitdə sosial ədalət belə açıq pozulursa, ölkədə elm, təhsil, innovasiya, insan kapitalı inkişaf edə bilməz:
“Bu azmış ki, hələ alimlərin elmi ada görə maaşa əlavə kimi aldığı 60-70 manatı da kəsmək istəyirlər?
Bu vəziyyət təhsildə dəyər zəncirinin qırılmasına səbəb olur.
Təhsil sistemində əsas dəyər zənciri belə təsvir edilr: alim bilik yaradır, müəllim bilik ötürür, idarəçi isə sistemi təşkil edir.
Normalda bu zəncir balanslı işləyir. Amma maaş fərqi çox kəskin olduqda, sistem faktiki olaraq belə mesaj verir ki, bilik istehsalı yox, idarəetmə daha dəyərlidir.
Bu səhvdir.
Çünki idarəetmə özü dəyər yaratmır — o, mövcud dəyəri təşkil edir. Əgər ortada güclü elm yoxdursa, idarə ediləcək sistem də zəif olur.
Bu durum sosial ədalətsizlik və motivasiya böhranı yaradır.
Bu vəziyyət həm də istedadlı gənclərin elmə həvəsini, ölkədə elmin perspektivlərini məhv edir.
Biz postneft dövrünə keçmək, elmə əsaslanan iqtisadiyyat, biliklər cəmiyyəti, rəqəmsal dövlət qurmaq istəyirikmi?
Biz bu gələcəyi idarəçilərlə qurmaq istəyirik, yoxsa alimlərlə?
Güclü dövlətlər bürokratiya ilə deyil, biliklə qurulur”.
Nigar İxtiyarqızı









