Cənubi Koreyanın ən böyük biznes imperiyalarından biri olan “SK Group”un rəhbəri Çey Tae-von təxminən on ildir davam edən boşanma və əmlak bölgüsü mübahisəsinə son qoymağa hazırlaşır.
Tribuna.az xəbər verir ki, milyarder keçmiş həyat yoldaşı Ro So-yonqa məhkəmənin müəyyən etdiyi 944 milyard vonu (təxminən 702 milyon dollar) tam ödəməyi təklif edib.
“Yonhap”ın hüquqi mənbələrə istinadən yaydığı məlumata görə, iş adamı Ali Məhkəməyə müraciət edərək tərəflər arasında barışıq sazişinin tövsiyə olunmasını istəyib. Cənubi Koreya qanunvericiliyinə əsasən, tərəflər iki həftə ərzində bu tövsiyəyə etiraz etməsələr, saziş yekun məhkəmə qərarı qüvvəsi qazanır.
Mübahisənin əsas səbəbi “SK Group”un səhmlərinin əmlak bölgüsünə daxil edilməsi olub. İlkin məhkəmə qərarında Ro So-yonqa daha az məbləğ nəzərdə tutulsa da, sonrakı məhkəmə proseslərində kompensasiya dəfələrlə artırılıb.
2024-cü ildə Seul Ali Məhkəməsi kompensasiyanı 1,38 trilyon vona çatdırmışdı. Lakin Ali Məhkəmə sonradan işə yenidən baxılması barədə qərar verib və təkrar araşdırma nəticəsində məbləğ 944 milyard von müəyyənləşdirilib.
Əvvəlcə kompensasiyanın bir hissəsinə etiraz edən Çey Tae-von indi bütün məbləği ödəməyə razıdır. Ro So-yonqun da son qərardan şikayət etməməsi illərdir davam edən və Cənubi Koreyada “əsrin boşanması” adlandırılan məhkəmə çəkişməsinin başa çatması ehtimalını artırır.
İmran Kərimli









