Tribuna.az xəbər verir ki, İngiltərənin Hay Uikomb (High Wycombe) şəhərində 1678-ci ildən bəri mer vəzifəyə başlayarkən keçirilən təntənəli “merin çəkilməsi” ənənəsi mövcuddur.
Hay Uikomb sakinləri vaxtilə şəhər rəhbərlərinin hakimiyyətə gəldikdən sonra sürətlə kökəlməsindən narazı idilər. Şəhər əhalisi bunu mer və onun köməkçilərinin şəhər xəzinəsindən mənimsəmə etməsi, daha rahat yaşaması və daha yaxşı qidalanması ilə əlaqələndirirdi. Buna görə də onlar merin şəhər meydanında hamının gözü qarşısında çəkilməsini tələb etmişdilər ki, onun çəkisinin əvvəlki göstəricidən nə qədər dəyişdiyini görə bilsinlər.
İlk vaxtlarda bu mərasim Hay Uikomb şəhərində korrupsiyanın bir növ simvolik göstəricisi hesab olunurdu. Daha sonra isə bu ənənənin Britaniyanın digər yerlərində də tanındığı bildirilir.
Mer necə çəkilirdi?
Mer şəhər meydanında quraşdırılmış xüsusi tərəzidə əyləşirdi. Ənənəvi geyimdə olan şəhər carçısı zəng çalaraq onun çəkisini ucadan elan edirdi. Daha sonra konstebl bu məlumatı qeyd edir, hakimlər isə mərasimin qaydalara uyğun keçirilməsinə nəzarət edirdilər.
İldə bir dəfə keçirilən bu çəkilmə mərasimi sayəsində sakinlər merin vəzifəyə gəldikdən sonra nə qədər “kökəldiyini” izləyə bilirdilər.
Əgər carçı elan edirdisə ki, merin çəkisi artıb, bu, onun vergi ödəyicilərinin hesabına həddindən artıq rahat həyat sürdüyünün rəmzi kimi qəbul edilirdi. Qəzəbli sakinlər onu fitə basır, pomidor və çürümüş meyvələrlə atəşə tuturdular. Belə davranışa görə həmin şəxslərin cəzalandırılmadığı bildirilir.
Əgər merin çəkisi dəyişmirdisə və ya azalmışdısa, şəhər sakinləri onu alqışlayır, xidmətini yüksək qiymətləndirirdilər. Məqaləyə görə, belə merlər gələcəkdə cəmiyyətdə daha yüksək mövqe tutmaq hüququ qazanırdılar.
Hazırda Hay Uikomb İngiltərədə bu ənənəni yaşadan yeganə şəhər deyil. Lakin bu mərasim artıq daha çox simvolik xarakter daşıyır və turistlərin marağı üçün keçirilir.
Sandrinqem sarayı – kral ailəsinin Milad iqamətgahı
İngiltərə qədim ənənələrinə sadiq qalır.
Milad bayramı günlərində Britaniya kral ailəsi adətən Londondan uzaqlaşaraq bayramı yaxın qohumları ilə birlikdə qeyd edir. Əvvəllər bu məqsədlə əsasən Vindzor qəsrindən istifadə olunurdu.
1988-ci ildən etibarən kral ailəsinin əsas Milad iqamətgahı Sandrinqem sarayı hesab olunur və burada yalnız ən yaxın ailə üzvləri bir araya gəlirlər.
Mərhum Kraliça II Elizavetaya məxsus olmuş Sandrinqem malikanəsində maraqlı qədim ənənələrdən biri də qonaqların tərəzidə çəkilməsi idi.
Milad bayramı üçün Sandrinqemə gələn hər bir qonaq, o cümlədən kral ailəsinin üzvləri, qədim tərəzidə çəkilirdi. Bu ənənənin kökü XX əsrin əvvəllərində Kral VII Eduardın dövrünə gedib çıxır və Vindzor sülaləsinin üzvlərinə şamil olunur.
Britaniya kral ailəsinin üzvlərinin könüllü şəkildə çəkilməsi onların dövlət qarşısındakı vəzifələrini vicdanla yerinə yetirmələrinin, dürüstlük və qərəzsizliklərinin simvolik ifadəsi kimi təqdim olunur.
Qeyd edək ki, bu ənənə bu gün artıq hüquqi və ya inzibati əhəmiyyət daşımır. Hazırda İngiltərənin Hay Uikomb şəhərində merin çəkilməsi yalnız əsrlərdir yaşadılan simvolik mərasim kimi keçirilir və turistlərin marağına səbəb olur.
İmran Kərimli















