“Bəxt üzüyü”nün Sedası ilə bağlı bilinməyənlər: “Amerikadakı toyunda ruslar və yəhudilər…”

“Bəxt üzüyü”nün Sedası ilə bağlı bilinməyənlər: “Amerikadakı toyunda ruslar və yəhudilər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Firəngiz Rəhimbəyli çox ciddi ana idi və qızına hər şeyə icazə vermirdi. Deyirdi ki, sən 19 yaşından sonra özünü böyük kimi apara bilərsən. 19 yaşına qədər isə mən nə deyirəmsə, o olmalıdır. Qızı da bütün bunlara riayət edirdi. Çox ağıllı, çox gözəl və çox tərbiyəli bir övlad idi. 21 yaşında ailə qurdu. Özü də iranlı bir oğlanla. Yenə müsəlman ailəsinə gəlin getdi. Onu evdən necə Azərbaycanda gəlin aparırlar, eləcə də “Vağzalı” sədaları altında yola saldılar”.

Tribuna.az xəbər verir ki, bu sözləri Əməkdar artist Suğra Bağırzadə “Astar TV”yə müsahibəsində deyib.

Aktrisa mərhum sənətkar Firəngiz Rəhimbəylinin ABŞ-də keçirilən toy mərasimi ilə bağlı da maraqlı məqamları açıqlayıb:

“Firəngizin öz toyunda da “Vağzalı” səslənirdi, Azərbaycan rəqsləri oynanılırdı, milli musiqilərimiz ifa olunurdu. Həmin musiqiləri Azərbaycandan yazdırıb göndərmişdik. Toyda hamımız Azərbaycan musiqisinin sədaları altında rəqs edirdik. Orada yaşayan azərbaycanlı dostlarımız da gəlmişdi. Təkcə azərbaycanlılar yox, ruslar, yəhudilər və başqa millətlərdən olan qonaqlar da bizə qoşulmuşdu. Hamı bizim rəqslərimizi oynayır, Azərbaycan musiqisinə qulaq asırdı. İnsanlar bundan böyük zövq alırdılar. Hamı sevinirdi ki, Amerikada belə bir Azərbaycan məclisi qurulub, milli musiqimiz səslənir, milli rəqslərimiz oynanılır”.

Suğra Bağırzadə Firəngiz Rəhimbəylinin ikinci həyat yoldaşı Reymond Antoni ilə münasibətlərindən də danışıb:

“Reymond onu çox sevirdi. Həmişə mənə deyirdi ki, Firəngiz təkcə yaxşı qadın deyil, həm də çox evdar xanımdır. Ailə onun həyatında çox böyük yer tuturdu”.

Əməkdar artist sənətçinin ilk nikahının dağılmasına da münasibət bildirib:

“Bakıda ailəsi dağılmışdı. İnsan gənc yaşlarında vurulur, elə bilir ki, bu hiss ömrünün sonuna qədər davam edəcək. Amma zaman keçdikcə hər iki tərəf başa düşür ki, əslində, bir-birinə yad insanlardır. Onların ayrılığı da məhz buna görə baş vermişdi”.

Qeyd edək ki, “Bəxt üzüyü” filmində yaratdığı Seda obrazı ilə milyonların sevgisini qazanan Firəngiz Rəhimbəyli ilk həyat yoldaşından ayrıldıqdan sonra 1993-cü ildə qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. O, 1999-cu ildə amerikalı memar Reymond Antoni ilə ailə həyatı qurub.

Firəngiz Rəhimbəyli 2022-ci il avqustun 16-da ürək tutmasından vəfat edib. Sənətçi həmin ilin sentyabrın 6-da Kaliforniya ştatının Westlake Village şəhərində yerləşən “Valley Oaks Memorial Park” qəbiristanlığında torpağa tapşırılıb.