Meksikada yerli hökumətə etiraz edən insanlar bələdiyyə sədri və bəzi yerli idarəçiləri qaçırıblar. Bələdiyyə sədrinin və digər rəsmilərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə onları yandırıb öldürəcəkləri ilə hədələyiblər.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Meksikanın Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində təxminən 100 nəfərlik qrup bələdiyyə orqanlarının bölgədəki meşə yanğınına kifayət qədər müdaxilə etmədiyi səbəbiylə etiraz aksiyası təşkil edib. Onlar səlahiyyətlilərdən izahat tələb ediblər.
Bir neçə saat sonra Tepeyahualko şəhərinin meri Monika Martinez və bəzi şəhər məclis üzvləri etirazçılarla görüşmək üçün meriyaya gəliblər. Hakimiyyət ictimaiyyətlə görüş zamanı razılığa gələ bilməyəndə 30 nəfərlik qrup bələdiyyə sədri Monika Martinez və şəhər şurasının üzvlərini etirazçılar arasından qaçırıb.
Puebla əyalətinin daxili işlər naziri Julio Roberto Qomez verdiyi açıqlamada Puebla əyalətinin polisinin Tepeyahualko şəhərində əməliyyat keçirəcəyini və qaçırılan məmurların xilas ediləcəyini bildirib.
Tribuna.az









