SOCAR Qaz İxrac İdarəsinin rəisi Hacıqabul Magistral Qaz Kəmərləri Sahəsi işçilərini tibbi müayinə üçün Hacıqabul şəhərindən Sumqayıt şəhərinə göndərir.
Tribuna.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı paylaşım edib. O bildirib ki, iş günü Sumqayıta tibbi müayinə üçün göndərilən işçilərə gediş haqqı olaraq cəmi 28 manat pul verilib:
“Niyə bu işçilər iş günü göndərilib və həmin günün əmək haqqını idarə niyə ödəmir?. Növbə üsulu ilə işləyən işçilər də tibbi müayinəyə iş günündə göndərilir. Yaşayış yerləri Haciqabul, Şirvan şəhəri olan işçilər tibbi müayinə üçün səhər tezdən Sumqayıt şəhərinə gedib, axşam da Hacıqabul şəhərinə qayıdırlar.
Qaz İxrac İdarəsi Bakıda yerləşir. Hacıqabul Qaz Kəmərləri Sahəsi isə Hacıqabulda. Bu halda işçilər tibbi müayinədən niyə qeyd edilən şəhərlərdə deyil, məhz Sumqayıtda keçirlər? Məqsəd nədir?
İşçi tibbi müayinə üçün məhz işəgötürənin tələbi ilə iş günündə, iş və yaşayış yerindən xeyli uzaq olan Sumqayıt şəhərinə göndərilir. Bu halda niyə işçiyə orta aylıq əmək haqqı ödənilmir?
Maraqlıdır, görəsən, Sumqayıt şəhərində işçilərin tibbi müayinədən keçdiyi tibb mərkəzi kimə məxsusdur? Niyə bu işçilər məhz ora göndərilir?”.
Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Gülşən Rəsul










