Sentyabrın 1-də Xankəndinə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətlərini yeni separatizm hərəkatına qoyur. Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Lakin bizi xaricdə yaşayan milli iş adamlarımızın azad torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına sərmaye qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular da xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı?
Tribuna.az xəbər verir ki, bu fikirlərlə millət vəkili Zahid Oruc çıxış edib. O bildirib ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir:
“Azərbaycan Ukraynadan fərqli olaraq, BMT və ATƏT-dən, Amerika və Almaniyadan yardım gözləmir. İslam Konfransı Təşkilatı da donorluq etmir. Belə şəraitdə xaricdə yaşayan imkanlı soydaşların qayıdışı xüsusi təyinatlılar kimi nümunə olardı.
Biz xarici milli burjuaziyanı köçkünlər üçün ev tikməyə çağırmırıq, onların belə hüquqi öhdəliyi yoxdur. Qarabağda qazanmaqdan ötrü Ağdamın məşhur üzüm emalı zavodlarına, Zəngilanın, Qubadlının zəngin meyvə bağlarına investisiya gərəkdir. O üzdən dünya azərbaycanlıları 30 illik əhdlərini unutmamalıdılar”.
Millət vəkili bildirib ki, dövlət sahibkarları Böyük qayıdış üçün əksər ödənişlərdən, vergi və rüsumlardan azad edir. Pullarını ölkədən çıxaranlara əlavə toxunulmazlıq və zəmanət gərəkdirsə, onu da dövlətə açıq desinlər:
“Onsuz da müqəddəs torpaqlarda itki yoxdur, xalqa yatırılan kapital batmır. Bir özəl məktəbin, yaxud klinikanın tikilməsi ordunun tankı-topu qədər önəmlidir, çünki müharibənin iqtisadi yollarla davamıdır.
Yüz il əvvəl erməni mantaşovlar, ter-qukasovlar pullarını Bakı neft mədənlərinə yatırırdılar. Sonra milli burjuaziyamız xalqın önünə çıxdılar. İndi rəhmətlik zeynalabdin tağıyevlər, murtuza muxtarovlar sağ olsaydılar, sərvətlərini aparıb azad torpaqlara qoyardılar. Lakin nə etmək olar, Qarabağda neft yoxdur”.
Nigar









