ABŞ əks-hücuma keçir: Bayden-Putin görüşü və qalan bütün görüşlər də ləğv edildi

ABŞ əks-hücuma keçir: Bayden-Putin görüşü və qalan bütün görüşlər də ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağ Ev Fransa lideri Emmanuel Makronun ötən gün haqqında danışdığı Rusiya və ABŞ prezidentlərinin sammitinin baş tutmayacağını bildirib. İki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında cümə axşamına planlaşdırılan danışıqlar da ləğv edilib. Moskvanın DXR və LXR-i tanıması ilə bağlı sərt bəyanatlar verən prezident Bayden isə Rusiya əleyhinə sanksiyaların yeni hissəsini açıqlayıb.
Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ administrasiyası diplomatiya qapısını bağlamasa da, Rusiya və ABŞ prezidentləri arasında əvvəllər müzakirə edilən görüş indiki mərhələdə planlarda yoxdur.
Prezident Baydenin Rusiya Prezidenti Vladimir Putinlə diplomatik görüşə açıq olub-olmayacağı ilə bağlı suala Psaki “indi belə bir görüşün vaxtı deyil” deyib. Onun sözlərinə görə, Rusiya hər hansı görüş baş tutmazdan əvvəl Ukraynadakı vəziyyəti deeskalasiya etməlidir.
Eyni zamanda, Cen Psaki ABŞ prezidentinin “liderdən liderə” söhbətlərinə hər zaman “açıq” olduğunu, lakin hazırkı şəraitdə belə bir görüşün keçirilə bilməyəcəyini açıqlayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında fevralın 24-nə planlaşdırılan danışıqların ləğvi ilə bağlı xəbərlər yayılmışdı. Bu görüş prezidentlər Putin və Baydenin sammitindən əvvəl hazırlıq mərhələsi olmalı idi.
CNN-in qeyd edir ki, ABŞ Dövlət Departamentinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bu həftə Cenevrədə planlaşdırılan görüşü ləğv etməsi “Ukrayna ilə bağlı Rusiya ilə diplomatik yolların sürətlə bağlanmasının son əlaməti” idi.
Çərşənbə axşamı Dövlət Departamentində Entoni Blinken deyib: “İndi biz işğalın başladığını gördük və Rusiya diplomatiyadan tamamilə imtina etdiyini açıqladı, bu görüşün indi keçirilməsinin mənası yoxdur. Mən müttəfiqlərimiz və tərəfdaşlarımızla məsləhətləşdim – hamı razıdır”.
Dövlət katibi Blinken bildirib ki, o, çərşənbə axşamı Lavrova bu qərar barədə məlumat vermək üçün məktub göndərib. Eyni zamanda, onun sözlərinə görə, Birləşmiş Ştatlar diplomatiyaya sadiq qalır: “Əgər Rusiya beynəlxalq ictimaiyyəti inandırmaq üçün hansısa dərəcədə addımlar atmağa hazırdırsa, o, gərginliyin azaldılmasına və diplomatik həll yolunun tapılmasına ciddi yanaşır”.
Bu arada CNN-in məlumatına görə, Fransanın xarici işlər naziri Jan-İv Le Drian da Lavrovla cümə gününə planlaşdırılan görüşünün baş tutmayacağını açıqlayıb.