ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı mühüm saziş imzalayıb. Müqaviləyə əsasən, ABŞ son 40 ildə ilk dəfə Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, ABŞ yaradılacaq Nüvə Məsləhət Qrupu ilə Cənubi Koreyanı da nüvə planlaşdırma əməliyyatlarına daxil edəcək. Cənubi Koreya bunun müqabilində nüvə silahı istehsal etməyə çalışmayacaq.
Razılaşma Cənubi Koreya prezidenti Yoon Suk-yeolun ABŞ-a səfəri zamanı açıqlanıb.
ABŞ prezidenti Co Bayden imzaladıqları müqavilənin və elan etdikləri “Vaşinqton Bəyannaməsi”nin Şimali Koreyanı istənilən hücumdan çəkindirmək məqsədi daşıdığını və Cənubi Koreya ilə əməkdaşlığı artırmağa imkan yaradacağını bildirib.
Şimali Koreya həm Cənubi Koreyanı hədəfə ala biləcək taktiki nüvə silahı, həm də ABŞ materikinə çata bilən uzaqmənzilli raketlər hazırlayır.
ABŞ daha əvvəl imzaladığı müqavilə ilə Cənubi Koreyanı müdafiə etmək öhdəliyi götürüb və lazım gələrsə, bu yolda nüvə silahından istifadə edəcəyinə söz verib. Bununla belə, Cənubi Koreyanın bəzi dairələri ABŞ-ın öhdəliyini şübhə altına almağa başladı və ölkəni öz nüvə silahı proqramını inkişaf etdirməyə çağırdı.









