2023-CÜ İLİN STRATEGİYASI… 8 KƏND, ERMƏNİ SİLAHLILARI, VARDANYANLA TƏMAS…

2023-CÜ İLİN STRATEGİYASI… 8 KƏND, ERMƏNİ SİLAHLILARI, VARDANYANLA TƏMAS…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ceyhun Bayramovun çıxışını ümumilikdə rəsmi Bakının 2023-cü il strategiyası kimi qiymətləndirmək olar. Prezidenti İlham Əliyev də dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistanın Azərbaycana məxsus 8 kəndini hələ də işğal altında saxladığını qeyd etmişdi. Həm ölkə başçısının, həm də xarici işlər nazirinin bu məsələni dilə gətirməsi rəsmi Bakının işğal altında olan 8 kəndi unutmadığını və 2023-cü il üçün strateji hədəf olaraq qarşıya qoyulduğunu göstərir.

Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev deyib. O bildirib ki, Bayramovun açıq şəkildə Azərbaycanın Ruben Vardanyanla təmaslarının heç vaxt olmayacağını deməsi Bakının Xankəndi ilə təmaslardan imtina etməsi anlamına gəlmir:

“Ümumiyyətlə belə təmaslar olmalıdır və Xankəndi erməniləri adından təmas qurulacaq şəxsi rəsmi Bakı özü müəyyənləşdirməlidir. “Azərbaycanın Qarabağdakı etnik ermənilərlə təmasları ilə bağlı adlar çəkilərsə, o şəxslərə qarşı təzyiq arta bilər. Bu cür təmaslar olub”, – deyə nazir deyib.
Nazirin sözlərindən belə bir nəticəyə gəlmək olar ki, Bakı Xankəndi ilə təmaslar qurur, sadəcə təmasların qurulduğu şəxsi açıqlamır. İndiki mərhələdə bu düzgün addımdır.
2023-cü ildə bu məsələnin detallarının ortaya çıxacağı, hətta lazımi siyasi şərait formalaşacağı təqdirdə Bakı təmasların qurulduğu şəxsi də açıqlaya bilər”.

T.Rzayev bildirib ki, iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilməli, daha sonra yekun sülh müqaviləsi imzalanmalıdır:

“Yekunda isə kommunikasiyaların açılması prosesi getməlidir. Bütün hallarda iki ölkə arasında delimitasiya və demarkasiya prosesi həll edilmədən sülh müqaviləsindən danışmaq əbəsdir.
Ermənistan hazırda həm danışıqlar prosesini ləngidir, həm də 10 noyabr bəyanatının tələblərini icra etmir.
Rusiya silahlıların bölgədə qalmasında maraqlıdır. Çünki erməni silahlı birləşmələrinin regionda qalması Kremlin Bakıya qarşı təzyiq etməsinə imkan verir. Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, döyüş postları qurmasına şərait yaradan da məhz sülhməramlılardır.
Nəticə etibarilə, 2023-cü ildə kiçikmiqyaslı atışmalar və gözdağı xarakterli anti-terror əməliyyatının şahidi ola bilərik”.

Nigar

Tribuna.az