35 mindən çox insanın ölümünə səbəb olan dəhşətli zəlzələ Türkiyə universitetlərinə müraciət edənlərin sayını azaldacaq.
Tribuna.az xəbər verir ki, Azərbaycandan xaricə universitetlərə tələbə axını son illər kütləviləşmişdi. Abituriyentlərin ən çox üstünlük verdiyi universitetlər isə qardaş ölkə Türkiyənin ali təhsil ocaqları idi. Demək olar hər il Türkiyənin müxtəlif şəhərlərində yerləşən universitetlərinə Azərbayacndan minlərlə tələbə gedirdi.
Baş vermiş dəhşətli zəlzələ və fəlakət zamanı azərbaycanlı tələbələrin də dağıntılar altında qalaraq həlak olması Türkiyə universitetlərinə marağı azalda bilər. Ehtimal edilir ki, xüsusilə Adana, Kahramanmaraş, Qaziantep, Malatya, Hatayda yerləşən universitetlərə müraciət azalacaq.
Mövzu ilə bağlı Tribuna.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda 42 min azərbaycanlı tələbə xaricə oxumağa gedib ki, onlardan da 23 mindən çoxu Türkiyə universitetlərində təhsil alır.
O qeyd edib ki, hər il Azərbaycandan Türkiyəyə 6 min tələbə təhsil almağa gedir:
“Baş vermiş dəhşətli zəlzələnin Türkiyə universitetlərinə olan marağı azaldacağına inanmıram. Təbii fəlakət hər yerdə baş verə bilər. Bir ildən çoxdur Ukraynada müharibə gedir. Ancaq Ukrayna universitetləri qəbul həyata keçirə bilir. Universitetlərin bir çoxu onlayn formada tədrisi davam etdirsə də, universitetlərə qəbul dayanmayıb. Yaponiyada tez-tez zəlzələlər, sunamilər olur. Buna baxmayaraq, hər il ora tələbə axını davam edir.
Türkiyədə əvvəl terror hadisələri də tez-tez baş verirdi. Ancaq bu heç vaxt ora turist axınının qarşısını almayıb və azaltmayıb da. Eləcə də bu hadisənin Türkiyəyə, zəlzələ bölgəsində yerləşən universitetlərə müraciəti azaldacağını düşünmürəm”.










