Maaşlar nə qədər artacaq? – AÇIQLANDI

Maaşlar nə qədər artacaq? – AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının artırılacağını və bununla bağlı göstəriş verdiyini bildirib.

Tribuna.az xəbər verir ki, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında minimum əməkhaqqının artırılmasının digər əməkhaqlarına təsiri barədə paylaşım edib.

O qeyd edib ki, minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alan işçiləri deyil, eyni zamanda Vahid Tarif Cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarını da əhatə edəcək:

“Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da Prezidentin sərəncamına uyğunlaşdırılaraq artırılacaq. Məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların maaşlarında artım olacaq.

Minimum əməkhaqqı artırıldıqdan sonra sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq”.

V.Bayramov əməkhaqqı artımının neçə faiz təşkil edəcəyinin hələ məlum olmadığını bildirib. Onun sözlərinə görə, Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir.

Deputat qeyd edib ki, dövlət büdcəsindən maliyyələşdirilən və dövlət qulluqçusu statusu olmayan işçilərin aylıq tarif maaşları hazırda 400-1150 manat arasında dəyişir:

“Hazırda birinci pillə üzrə əməkhaqqı 400 manat, ən yüksək dərəcə üzrə isə 1150 manatdır. Minimum əməkhaqqının artırılması praktik olaraq bütün dərəcələr üzrə maaş artımlarına səbəb olacaq. Bu zaman əməkhaqqının minimum səviyyədən az və ya çox olması xüsusi önəm daşımır”.

V.Bayramov müəllim və həkimlərin maaşlarına da toxunub. O bildirib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələrdə əməkhaqları VTC ilə tənzimləndiyi üçün burada da artımlar olacaq.

“Amma Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca, keyfiyyət meyarlarına əsaslanan əməkhaqqı sxemi var. Bununla belə, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən, dərəcələrarası fərq nəzərə alınmaqla əməkhaqları müəyyənləşdirildiyi üçün bu sahələrdə də bəzi işçilərin maaşlarında artımlar istisna deyil.

Minimum əməkhaqqı artırıldıqdan sonra VTC üzrə yeni maaş məbləğləri Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək”, – deyə deputat əlavə edib.