Uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yarada biləcək işlərə cəlb edilməsi yolverilməzdir.
Tribuna.az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.
Bildirilib ki, Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. Lakin yetkinlik yaşına çatmayan şəxslərin əməyindən istifadə zamanı onların yaşı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı qanunvericiliyin tələbləri nəzərə alınmalıdır.
Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə yarada bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Dövlət Əmək Müfəttişliyi işəgötürənləri bu tələblərə ciddi əməl etməyə və azyaşlıların təhlükəli əmək şəraitinə cəlb edilməsinə yol verməməyə çağırıb.









