Zelenski ilə Tramp razılığa gəldilər

Zelenski ilə Tramp razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında sentyabr ayında görüş keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub. Hazırda Ukrayna və ABŞ müharibənin başa çatdırılması ilə bağlı yeni ideya və yanaşmaları müzakirə edirlər.

Tribuna.az  xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tixiy brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Zelenski ilə Tramp arasında bu ay şəxsi görüşün keçirilməsi də nəzərdə tutulur və bununla bağlı artıq ilkin razılıq əldə edilib. Eyni zamanda, vəziyyət tələb edərsə, prezidentlər arasında telefon danışığının keçirilməsi də istisna edilmir. Xarici İşlər Nazirliyinin sözçüsü sülh prosesinin intensivləşdiyini və bu səbəbdən istənilən vaxt əlavə təmaslara ehtiyac yaranacağını bildirib.

“Prezident Trampın nümayəndələri ortaq məxrəcə gəlməyə çalışırlar. Onlar Moskva və Kiyevə səfər ediblər və biz başa düşürük ki, hazırda həqiqətən də fəal proses gedir”, – deyə Tixiy qeyd edib.

XİN sözçüsünün sözlərinə görə, danışıqlar tərəflər üçün diplomatik fəaliyyət aparmağa müəyyən imkanlar yaratmalıdır. Buna görə də yeni təkliflərin təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb.

O, həmçinin vurğulayıb ki, yeni ideyaları olan yalnız Ukrayna deyil, ABŞ tərəfinin də müvafiq təklifləri var. “Əlbəttə, bizim də yeni ideyalarımız var, amerikalıların da yeni təklifləri var. Reallıq həqiqətən dəyişib”, – deyə XİN sözçüsü bildirib.

Onun sözlərinə görə, sülh planlarının əvvəlki versiyalarının müzakirəsindən sonra vəziyyət dəyişib. “O vaxtdan bəri reallıq dəyişib. Həm döyüş meydanında, həm də Ukrayna və Rusiya üzərindəki səmada vəziyyət dəyişib. Buna görə də, fikrimizcə, yanaşmaların yenilənməsi zəruridir”, – deyə Tixiy qeyd edib.

O əlavə edib ki, belə bir yenilənmənin zəruriliyi yalnız Ukrayna tərəfindən deyil, ABŞ tərəfindən də qəbul edilir və Vaşinqtonun bu məsələyə dair müvafiq baxışı var.