Rusiya dizel yanacağının ABŞ-a tədarükünə başlayıb. İlk tanker təxminən 40 min ton dizel yanacağı ilə ABŞ istiqamətində hərəkət edir.
Tribuna.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, Malta bayrağı altında üzən Agioi Fanendes tankeri oktyabrın 22-də Rusiyanın Primorsk limanında aşağı kükürdlü dizellə yüklənib. Gəminin noyabrın 7-də Nyu-Yorka çatacağı gözlənilir.
Tədarük ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilir. Razılaşmanın məqsədlərindən biri beynəlxalq bazarda dizel yanacağının qiymətinə təsir göstərmək və təchizatı artırmaqdır.
Rusiya tərəfi əvvəlki açıqlamalarında oktyabrda 300 min ton, noyabrda isə əlavə 500 min ton dizel yanacağının tədarük ediləcəyini bildirib. Daha sonra tədarük həcminin artırılması da nəzərdə tutulur.
Kremlin sözçüsü Dmitri Peskov tədarüklərin müntəzəm şəkildə davam edəcəyini bildirib.
Bununla belə, analitiklər Rusiyadan göndəriləcək yanacağın həcminin dünya bazarında qiymətləri əhəmiyyətli dərəcədə aşağı salmaya biləcəyini düşünürlər. Səbəb təklif olunan həcmlərin mövcud qlobal yanacaq çatışmazlığını aradan qaldırmaq üçün kifayət etməməsidir.
İmran Kərimli









