Nizami rayonunda özbaşınalıq: Binanın zirzəmisi satılıb?

Nizami rayonunda özbaşınalıq: Binanın zirzəmisi satılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nizami rayonunda yerləşən yaşayış binasının zirzəmisinin sakinlərin məlumatı və razılığı olmadan özəlləşdirildiyi iddia olunur. Sakinlər bu əmlakın hansı əsasla kənar şəxsin mülkiyyətinə keçdiyinin araşdırılmasını tələb edirlər.

Tribuna.az xəbər verir ki, bu barədə Faktinfo.az-a Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 81/82 ünvanında yerləşən binanın sakinləri məlumat veriblər.

Sakinlərin sözlərinə görə, bina kooperativ əsaslarla inşa edilib. Onlar iddia edirlər ki, binanın zirzəmi hissəsinin başqa bir şəxs tərəfindən özəlləşdirilməsindən sonradan xəbər tutublar.

Narazılıq doğuran əsas məqam isə binada mənzili olmayan şəxsin yaşayış binasının zirzəmisinə hansı hüquqi əsasla sahib çıxmasıdır. Sakinlər həmin şəxsin kooperativlə əlaqəsinin, eləcə də zirzəminin özəlləşdirilməsi üçün hansı sənədlərin təqdim olunmasının aydınlaşdırılmasını istəyirlər.

“Binada mənzili olmayan şəxs, deməli, kooperativin də üzvü deyil. Bəs həmin şəxs hansı paya sahibdir və ya hansı payı ödəyib ki, yaşadığımız binanın zirzəmisinə sahib çıxır? Bu qanunsuzluğa kim şərait yaradıb? Zirzəminin özəlləşdirilməsi üçün ilkin sənədlər necə toplanıb, harada və hansı əsasla iclas keçirilib, protokol tərtib olunub, sənədlərə kim möhür vurub? Hüquqi tənzimləyici sənədlərin necə əldə edilməsindən heç kimin xəbəri olmayıb”, – deyə sakinlər bildiriblər.

Sakinlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini qeyd ediblər.

Qeyd edək ki, zirzəminin hansı hüquqi əsasla özəlləşdirildiyi, bu proses zamanı hansı sənədlərin təqdim olunduğu və mülkiyyət hüququnun kim tərəfindən rəsmiləşdirildiyi məsələləri aydınlaşdırılmalıdır. İddiaların hüquqi qiymət alması üçün müvafiq sənədlərin və rəsmiləşdirmə prosedurunun araşdırılması vacibdir.

Mövzu ilə bağlı aidiyyəti qurumların və qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.

Gülşən Rəsul