Yasamal rayonu Zivər bəy Əhmədbəyov küçəsində təhlükəli vəziyyət yaranıb. Yol kənarındakı işıq dirəyi hər an yola aşa bilər.
Tribuna.az yazır ki, avtomobil yolunun işıqlandırılması üçün qurulan işıq dirəyi bir neçə ay əvvəl maşının çırpılması səbəbindən qəzalı vəziyyətə düşüb. Zərbədən işıq dirəyinin hər iki plafonu qoparaq yerə düşüb, dirək özü də əyilib. Üstəlik, dirəyin kabeli hava ilə digər işıq dirəyinə birləşdiyi üçün onu da dartaraq əyir.
Son bir neçə gündür güclü külək vəziyyəti daha da pisləşdirib. Küləyin təsirindən həm qəzalı, həm də kabellə ona bağlı olan digər işıq dirəyi yerindən tərpənir. Sakinlər narahat olurlar ki, külək hər an dirəyi yol ortasına və ya piyada səkisinə aşıra bilər.
İstənilən halda həm piyadalar, həm də yoldan ötən avtomobillər ciddi təhlükə ilə üz-üzədir. Sakinlər artıq bir aydan çoxdur eyni qəzalı vəziyyətdə olan dirəyin dəyişdirilməsini istəyir.












