Tribuna.az xəbər verir ki, bunu, nəqliyyatda gediş haqqının artırılması ilə bağlı, iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
Ekspert qeyd edib ki, bu gün nəqliyyatın idarəedilməsində pərakəndəlik var:
“Bundan başqa, zaman-zaman dövlətin ayırdığı subsidiyaların bəzi özəl daşıyıcı şirkətlərə çatmadığının şahidi oluruq. Bu yaxınlarda bilindi ki, pandemiya dövründə 280 milyon manat ayrılıb, lakin sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə bu məbləğdən 1 qəpik belə çatmayıb”.
Onun fikrincə, mərkəzləşdirilmiş qaydada idarəetmə olmasa, nəqliyyatda problemlər həllini tapmayacaq. Ekspert hesab edir ki, “Yeganə çıxış yolunun gedişhaqqının artırılmasıdır” fikri yanlışdır: “Qiymət differensial olmalıdır. Məsələn, günlük, həftəlik, aylıq, yaxud illik abunəliyə keçid imkanı yaradılmalıdır. Günlük və ya bir dəfəlik gediş qiyməti qalxa bilər. Lakin müddətli (6 aylıq, 1 illik) bilet üçün ucuz gediş haqqının tətbiq olunmasına ehtiyac var”.
N.Cəfərli deyib ki, ən idealı isə nəqliyyat sisteminin seçilmiş bələdiyyələr tərəfindən idarə olunmasıdır:
““BakuBus” və “Metropoliten”lə bağlı problem ondan ibarətdir ki, bir sərnişinin daşınmasında maya dəyərinin hesablanması qaydası olmalıdır – bizdə isə dövlət şirkətləri maya dəyərini istədikləri kimi açıqlayırlar. Yanacaq sərfiyyatı, maaşlar, texniki məsələlər standartlar üzrə öz həllini tapmalıdır. Onlar avtobusun alınma xərclərini belə gediş haqqının üzərinə gəlirlər. Bu isə doğru deyil çünki “BakuBus” avtobusları, “Metropoliten” isə vaqonları dövlət hesabına alınıb”.









