Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 136 ünvanında piyada səkisi tutulub. Yaşayış binasının xarici görünüşünə qanunsuz müdaxilə olunub.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Jalə Əsədova paylaşıb. O bildirib ki,
sentyabrın 8-də quruma rəsmi media sorğusu göndərilib, lakin icra hakimiyyəti bir aya yaxın müddətdə ərzində heç bir cavab verməyib:
“Qanuni cavab müddətini pozdu. Yazı işıq üzü görəndən sonra isə gözlənilməz “taktika” seçdilər. Qurum rəsmi blankda cavab vermədi. Sənəd göstərə bilmədi. Bunun əvəzinə sosial şəbəkədə rəy yazmaqla işini bitmiş hesab etdi.
İcra hakimiyyəti rəy bölməsində yazır ki, “Obyekt təxminən 25 il əvvəl tikilib. Hal-hazırda heç bir artırma işi aparılmır”. Elə həmin mətndə başqa bir iddia da yer alır ki, burada “Obyektin ön hissəsi piyadaların yolunu kəsdiyi üçün tərəfimizdən sökülüb. Hazırda sahibkar zəruri təmir-bərpa işi aparır” deyirlər.
Diqqət edin!
Obyektin xarici divarları sıfırdan təzə ağlay daşları ilə üzlənib.
Geniş şüşə-vitrin sistemləri və yeni çöl işıqlandırması quraşdırılıb.
Obyektin böyründə inşaat taxtaları və fəhlə iskələləri qurulub.
Divarlarda təzə suvaq izləri, yerdə isə tikinti qalıqları var. Hələ arxada biraz aralıdakı yeni suvaqlı tikili divarlarını demirik.
Kadrlardakı bu mənzərə “təmir” deyil. Bu, səkinin üstündə aparılan açıq-aşkar yenidənqurma və artırma işidir. İcra hakimiyyəti fəhlələrin iskələdə daş hördüyünü görə-görə “artırma yoxdur” deyirsə, bu, artıq ictimaiyyətin gözünə kül üfürməkdir”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul









