Yağış yağdı, Bakı batdı kimdir günahkar? (VİDEO)

Yağış yağdı, Bakı batdı kimdir günahkar? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yağış Bakıya yox, sanki vətəndaşların əsəblərinə yağır. Damcılar yerə yox, birbaşa səbrimizin üstünə düşür. Bəlkə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı istefa versə, millətin əsəblərinə də yağışdan pay düşər, su çilənər.

Hər dəfə eyni bəhanə ilə səhnəyə çıxan qurumlar “yağıntı normadan artıqdır” deyir. Sanki yağış meteoroloji hadisə yox, qəfil təşkil olunmuş təxribatdır.

Bir vaxtlar torpaq bol məhsul versin deyə, insanlar yağış üçün dualar edərdi. İndi isə yağış başlayanda dua edirlər ki, evə çata bilsinlər. Təbiətin neməti, şəhər idarəçiliyinin bacarıqsızlığında cəzaya çevrilib. Allah nur çiləyir, biz isə o nurda boğuluruq. Allahı da yağış yağdırdığına peşman edirlər.

Cənab prezidentimiz İlham Əliyev belə məsələlərlə bağlı müşavirə keçirdi. Yuxarıdan tapşırıq verildi.
Amma aşağıda yenə eyni mənzərə: su dolu küçələr, hərəkətsiz həyat və yağışdan sonra üfunətli şəhər…

Bir şəhər düşünün ki, yağış başlayanda insanlar romantika yox, marşrut planı qurur: “Hansı küçə batmayıb?”, “Hansı yol hələ sağdır?” Bakı artıq paytaxt yox, mövsümi akvaparkdır – giriş pulsuz, çıxış isə bəxtə bağlıdır. Sanki yağış yox, məsuliyyət kanalizasiya ilə birlikdə yoxa çıxır.

Qurumlar elə şərait yaradıblar ki, ilahi nemət belə Bakıya düşəndə “fövqəladə xəbər”ə çevrilir.

Bu ölkədə yağış sularından insan boğulub ölür. Sırf yağış suları üçün kanalizasiya yox dərəcəsindədir. O boyda tunel tikilir, topoqrafik görmür ki, qazıntının sonunda tunelin tavanı ilə tunelə gedən yolun hündürlüyü eynidir?! Və orada suyun çıxışı nəzərə alınmayıb. Üstü bəzək, altı təzək ölkəmdə asfalt Belə Düzgün çəkilmir. Yağış yağan kimi çökür.
Lelinqrad və başqa şəhərlərdə bir binadan digərinə getmək üçün 10 dəqiqə vaxt sərf edirsən. Bizdə binalar bir-birinin belində tikilir. Daha çox ciblərinə pul girsin deyə bir damcı torpaq sahəsi qoymayıblar ki, yağışı canına çəkə.

Yavaş-yavaş Sumqayıtı da tarixsizləşdirmə ilə Bakının gününə döndərirlər.
Keçmişi söküb, gələcəyi kranla qaldırırlar. Onsuz da yaddaş baha şeydir, yerinə 20 mərtəbəlik unutqanlıq tikmək daha sərfəlidir.Bir vaxtlar memarlıq var idi, indi mərtəbə sayı var.
Estetika yox, kvadrat Üst qonşu sifonu çəkəndə eşidirsən. Tarixi binalar sökülür ki, şəhər “yenilənsin”.
Yəni, yaddaşı silinmiş şəhər daha müasir sayılır.

Məsələn, Sumqayıt kanalizasiyası 100000 əhali üçün nəzərdə tutulub, lakin 500000 əhalisi var. Bu kanalizasiya sisteminin yenidən qurulması lazımdır. Çətin olacaq, çünkü artıq həmin sistemlər üzərində evlər obyektlər və s. tikilib.

Əslində məsələ yağış deyil. Problem odur ki, bu şəhərdə hər damcı su yox, hər damcı məsuliyyətsizlik yığılır. Və görünür, biz hələ uzun müddət “hava şəraitini” günahlandıran sistemlə yaşamalı olacağıq.

Çünki Bakıda yağış təbiət hadisəsi deyil, idarəçilik imtahanıdır. Və bu imtahan hər il eyni nəticə ilə bitir.

Dəniz Pənahova
Tribuna.az