Məlum olduğu kimi, İranın dini lideri Əli Xamineyi fevarlın 28-də ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində öldürülüb.
Tribuna.az xəbər verir ki, hazırda müzakirə olunan məsələlərdən biri də bundan sonra nələrin baş verə biləcəyidir.
Məsələ ilə bağlı Tribuna.az-a danışan siyasi şərhçi Fikrət Fərməzoğlu qeyd edib ki, Xamineyinin öldürülməsi İran daxilində qorxu streotipinin dağılması ilə yanaşı, rejimin devrilməsini də şərtləndirə bilər. “Onun ölümü rejimin dəyişmə ehtimalının 50 faizi deməkdir. Eyni zamanda, bu hadisə İrandakı molla rejiminin əsas dayağının sıradan çıxmasıdır. Üstün fikir isə odur ki, hətta rejim qalsa belə əvvəlki kimi güclü ola bilməyəcək”.
Fəraməzoğlu vurğulayıb ki, əgər raket zərbələri davam edərsə, rejim daxilində parçalanma qaçılmaz olacaq. “Üstəlik, insanlar etiraza qalxarsa, bu parçalanma daha ciddi şəkil alacaq. Xüsusən SEPAH və hökumət arasında ixtilafın yaranması qaçılmaza çevriləcək. Elə SEPAH daxilində də fikir ayrılıqlarının yaranması istisna deyil”.
Siyasi şərhçi deyib ki, etiraz aksiyalarının başlaması üçün əhali hazırda gözləmə mövqeyindədir. “Onlar Xamineyinin ölümündən sonra rejimin daha çox qəddarlıq edəcəyini bildiklərindən küçələrə çıxma prosesini bir neçə günlüyə təxirə salıblar. Böyük ehtimalla etiraz aksiyaları hadisələrin 4-cü günündən sonra start götürəcək. Bu dəfə rejimin onların qarşısını almaq üçün çox sərt tədbirlər görə bilməyəcəyi ehtimal edilir. Əgər silaha əl atılarsa, etirazçılar da adekvat addım atacaqlar”.
Fərda Uğur










